27 Sentyabr Anım günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində tədbir keçirilib
Gəncə Dövlət Universitetinin bütün fakültələrində 27 Sentyabr–Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Universitetin Tarix-Coğrafiya fakültəsində keçilən tədbirdə Şəhid valideynləri, Vətən müharibəsi qaziləri, müəllim və tələbələr iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
44 günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımızın şücaətindən danışıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Fakültənin dekanı Urfan Həsənov və Ümumi Tarix fakültəsinin kafedra müdiri Etibar Musayev çıxış edərək 44 günlük Vətən müharibəsindən ətraflı danışıblar. Çıxışlarda bildirilib ki, Vətən müharibəsində Gəncə Dövlət Universitetinin əməkdaşları da fəallıqla iştirak ediblər. Bu döyüşlərdə 16 nəfər universitet əməkdaşı şəhid olub. Onlarla əməkdaş qazi statusu alıb. Universitet rəhbərliyi onların adlarını xatirələrdə yaşatmaq üçün xüsusi guşə yaratmışdır ki, tez-tez həmin guşə ziyarət olunaraq önünə gül dəstələri qoyulur.
Tədbirdə şəhid ailələrinin üzvləri və qazilər çıxışlarında əsgər, zabitlərimizin fədakarlığından, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti