27 Sentyabr – Qürur və ehtiram günümüz!

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində 27 Sentyabr – Qürur və ehtiram günümüz adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açaraq bildirdi ki, bizim torpaqlarımızı, mədəniyyətimizi, təbii sərvətlərimizi hətta milli-mənəvi dəyərlərimizi mənimsəməyə çalışan və 200 ildən çox  xalqımıza qarşı davam edən erməni düşmənçilik siyasəti növbəti dəfə yenə 27 sentyabr 2020-ci il  tarixdə özünü biruzə verdi. Bu dəfə cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan intensiv atəşə tutmağa başladılar. Prorektor Gülsüm Fətəliyeva qeyd edib ki, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısının alınması,  mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən əks hücum əməliyyatının başlanması barədə qərar verildi. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəti siyasi iradəsi və ordumuzun gücü qüvvəsi nəticəsində Zəfərlə, Qələbəylə yekunlaşdı. 30 ilə yaxın davam edən həsrətə son qoyuldu. İşğalda olan torpaqlarımız təcavüzdən azad edildi. İndi sürətlə dədə-baba torpağımız olan Qarabağımızda quruculuq, abadlıq işləri gedir. Yurd-yuvalarından didərgin olan soydaşlarımız geri qayıdırlar. Bir sözlə Qarabağda həyat öz axarına düşür.

Tədbirdə Fransız dili kafedrasının dosenti Vüsalə İsgəndərova “Qəhrəmanlıq və Vətən sevgisi”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusubova “Zəfərə aparan yol: Tarixi yaddaş və əbədi qəhrəmanlıq” adlı məruzələrlə çıxış ediblər. 

Sonda  Filologiya ixtisasının I kurs tələbələri tərəfindən “Şəhidlər” adlı kompozisiyası təqdim olunub, Filologiya ixtisasının I kurs tələbəsi Zeynəb Atakişiyeva “Silahlan” şeirini səsləndirib.