Zəfər tarixinin 44 Günü
Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində 27 sentyabr Anım Gününə həsr olunmuş Zəfər tarixinin 44 Günü adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü açaraq 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatdan, bu təxribatın qarşısını almaq üçün 44 gün davam edən müharibədən danışıb. Prorektor bildirib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. 44 günlük Vətən Müharibəsində qazanılan qələbə 30 il işğalda olan torpaqlarımızın azad edilməsi ilə yanaşı qürurumuzu, kimliyimizi də geri qaytardı. O da bildirilib ki, Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərə ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Tədbirdə Riyazi analiz kafedrasının müdiri Tahir Məmmədov, İnformatikanın tədrisi metodikası ixtisasında pedaqogika elm sahəsi üzrə elmlər doktoru Mehriban Həsənova , 44 günlük Vətən müharibəsi iştirakçısı, İnformatika müəllimliyi ixtisasının üçüncü kurs tələbəsi Fuad Əkbərov, Riyaziyyat və informatika müəllimliyi ixtisasının üçüncü kurs tələbəsi Firuzə Əhmədova çıxış ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonda Riyaziyyat və informatika müəllimliyi ixtisasının üçüncü kurs tələbəsi Aliyə Xəlilova, Kompüter elmləri ixtisasının birinci kurs tələbələri Zeynəb İsmayılova və Hüseyn Hüseynli vətənpərvərliyə aid mahnılar səsləndiriblər.









