“4Sİ Akademiyası – Milli Proqram” layihəsində GDU Tələbələrinin Əsas Statistik Göstəriciləri
1 aprel 2025-cı ildən 31 mart 2026-cı ilə qədər Gəncə Dövlət Universitetinin 158 tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” layihəsinə qoşulmuşdur. Ümumilikdə, 1317 tələbə kursa qoşulmuş, 665 tələbə kursu uğurla tamamlamışdır. Tamamlanmış kurslar əsasən təhsil, şəxsi inkişaf, data analitika, süni intellekt, proqramlaşdırma, biznes və maliyyə sahələrini əhatə edir. Bu müddət ərzində ümumi öyrənmə saatı 2631 saat olmaqla, adambaşına düşən öyrənmə saatı 16.7 saat olmuşdur.
Qeyd edək ki, “4Sİ Akademiyası – Milli Proqram” layihəsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Təhsilin İnkişafı Fondu və qlobal onlayn təhsil platforması olan “Coursera” şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan Respublikasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in üçüncü prioriteti olan “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” üzrə fəaliyyətləri, eləcə də “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” sənədinin 8.2-ci məqsədi olan “İşəgötürənlərin tələblərinə uyğun rəqəmsal bacarıqların təkmilləşdirilməsi proqramlarının həyata keçirilməsi” çərçivəsində icra olunur. Proqram 4SİM-in “4Sİ Akademiyası” layihəsi çərçivəsində icra olunaraq 2025-ci ilin 1 aprel tarixində başlayıb və 2026-cı ilin 31 mart tarixində başa çatıb. Platformanın təqdim etdiyi 18 000-dən çox kursa süni intellekt, böyük verilənlər, data elmi və data analitika, kibertəhlükəsizlik, layihələrin idarə olunması, biznes, maliyyə, yumşaq bacarıqlar, dil bacarıqları və digər kurslar aiddir.


