5000-Ə YAXIN TƏLƏBƏNİN MƏSAFƏDƏN DİSTANT FORMADA YAZ SEMESTRİNİN İMTAHAN SESİYASI BAŞLAYIB

Gəncə Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası məsafədən distant formada təşkil edilmişdir. Bununla əlaqədar universitetin rektoru, professor Yusif Yusibovun rəhbərliyi ilə online iclas keçirilmiş, əvvəlcədən hazırlıq işləri görülmüş və müvafiq əmr imzalanmışdır. Əmrə əsasən WhatsApp qruplarına nəzarət komissiyası yaradılmış, nəzarətçi qrupların bölgüsü aparılmışdır. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə bütün lazımi şərait yaradılmışdır.

Qeyd edək ki, 2019/2020 tədris ilinin yaz imtahan sessiyasında tələbələr üçün bəzi güzəştlər də tətbiq edilmişdir.

İyun ayının 17-dən başlanan imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyət nümayəndələrinin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə qərargah yaradılmışdır. Qərargahın nəzdində fəaliyyət göstərən “Qaynar xətt”ə daxil olan müraciətlər dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan tələbələrin qərargaha online müraciəti üçün də tam şərait yaradılmışdır. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsidir ki, indiyədək heç bir təlimat pozuntusu aşkar olunmamışdır.

Qeyd edək ki, imtahanların gedişinə nəzarət etmək üçün komissiya üzvləri mütəmadi olaraq tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdıqları hər hansı problemin olub-olmaması ilə maraqlanırlar.

Yaz imtahan sessiyasında 5000-ə yaxın tələbə iştirak edir. Tələbələr təhsilin əyani səviyyəsi üzrə 40 ixtisasda imtahan verirlər. Semestr ərzində hər bir tələbənin 4 imtahan verməsi nəzərdə tutulur. Məsafədən distant formada keçirilən imtahanlar WhatsApp qrupları üzrə təşkil edilir. İmtahan başa çatan gün onun nəticələri açıqlanır. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanların şəffaf keçirilməsi təmin olunur. Yaz imtahan sessiyası iyulun 9-dək davam edəcəkdir.