Gəncə Dövlət Universitetində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib

 Gəncə Dövlət Universitetində  20 Sentyabr – Dövlət Suverenliyi Günü və 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunan  tədbir  keçirilib.   

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmən qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Prorektor çıxışında Beynəlxalq Sülh Günündən danışaraq  qeyd edib ki, sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Vurğulanıb ki, dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə Beynəlxalq Sülh Gününün təsis olunması barədə qərar qəbul edib.

   Rus dili kafedrasının dosenti Sevda Əliyeva “Azərbaycanın Dövlət Suverenliyi və onun tarixi əhəmiyyəti”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “Azərbaycanın suverenliyinin bərqərar olması tarixi ədalətin bərpası missiyası kimi”,  İqtisadiyyat kafedrasının müəllimi Emiliya Əsgərova “Sülh və iqtisadi inkişaf: Qlobal sabitliyin təməl sütunları”, Riyaziyyat və informatika  fakültəsinin V kurs tələbəsi Rəbiyyə Hacıyeva “Zəfərdən Sülhə doğru” və  Fizika və texniki fənlər fakültəsinin III kurs tələbəsi Ülviyyə Məmmədli “Ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə universitetin Musiqi kafedrasının xor kollektivi vətənpərvərliyə aid mahnılar səsləndiriblər.

Sonda müəllim və tələbələr sülhün rəmzi olan göyərçini səmaya uçurdublar.