7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr edilən tədbir keçirilib

Gəncə Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı  ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr edilən  tədbir keçirilib.

“Layiqli əmək,  layiqli həyat deməkdir” adlı tədbiri  HİK-nin sədri  Afaq Qasımova giriş  sözü   ilə açaraq layiqli əmək gününün ilk  dəfə 2008-ci ildə Beynəlxalq  Həmkatrlar Konfederasiyası tərəfindən irəli sürülməsini diqqətə çatdırıb, layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu aspektdə görülən işlər barədə məlumat verib. Onu  da  qeyd  edib ki, universitetimizdə  ittifaq  üzvlərinə  yaradılan  sağlam və təhlükəsiz  əmək  şəraiti, onların  əmək  haqqlarının vaxtında  verilməsi,  məzuniyyət  hüquqlarından  istifadə və s. məsələlər hər zaman  diqqət mərkəzindədir.

Tədbirdə universitetin baş hüquqşünası Günay Şirinova çıxışında bildirib ki, Azərbaycanda əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması sosial siyasətin əsas istiqamətlərindən biridir. Əmək qanunvericiliyinə dövlət nəzarətinin gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması və işçi hüquqlarının daha etibarlı qorunması istiqamətində ardıcıl tədbirlər görülür.

Filologiya və xarici dillər fakültəsi üzrə həmkarlar təşkilatının sədri Aynur Novruzova vurğulayıb ki, 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Bunun nəticəsidir ki, ölkəmizdə  vətəndaşlar üçün səmərəli məşğulluq, sağlam və layiqli iş yeri, əmək şəraiti yaradılıb. Aparılan işlərin əsas məqsədi hər şeydən əvvəl insan amilinə, insanların rahatlığına yönəlmişdir.

Daha sonra universitetin İnsan resursları şöbəsinin müdiri Gülçöhrə Tağıyeva, universitetdə əməyin mühafizəsi üzrə mühəndisi Sərxan Bağırov çıxışlarında mövzu ətrafında geniş məlumat veriblər.

 Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Kimya kafedrasının müdiri Aynur Məmmədova, kafedranın baş müəllimi Sevinc Zeynalova, Botanika kafedrasının baş laborantı Aygün  Qədimova  mövzu ilə bağlı bir neçə suallar səsləndiriblər.

Sonda tədbir iştirakçıları tərəfindən təkliflər irəli sürülüb.