75 İLLİK YUBİLEY TƏNTƏNƏLİ QEYD EDİLDİ


19 mart 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında Universitetin Fəxri professoru, fizika-riyaziyyat elmləri namizədi Əliqulu Umud oğlu Quliyevin 75 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev, Gəncə şəhər universitetlərinin nümayəndələri, ziyalılar dəvət olunmuşdular.
Tədbiri giriş sözü ilə Universitetin rektoru professor Yusif Yusibov açaraq Əliqulu Unud oğlu Quliyevin keşməkeşli həyatından, mübarizliyindən, 42 il Gəncə Dövlət Universitetindəki fəaliyyətindən, bu tədris ocağına verdiyi töhfələrdən bəhs etdi.
Riyaziyyat-informatika fakültəsinin dekanı dosent Oruc Hüseynov Əliqulu Umud oğlu Quliyevin həyat və elmi-pedaqoji fəaliyyəti ilə tədbir iştirakçılarını ətraflı tanış etdi.
Universitetin Təhsilin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədovun, həndəsə və cəbr kafedrasının dosenti Nüyvər Nəsrullayevin, ANTK-nin sədri Afaq Qasımovanın, eləcə də gələn qonaqların yubilyar haqqındakı ürək sözləri alqışlarla qarşılandı.
Tələbələrin söylədikləri şeirlər, zalda əyləşən çoxsaylı tələbələrin kollektiv surətdə ifa etdikləri mahnı onların öz sevimli müəllimlərinə ən gözəl hədiyyələri oldu.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev böyük həvəslə yubilyar haqqında danışmaqla bərabər, belə bir tədbirin təşkili və onun da dəvət olunmasdından olduqca məmnun qaldığını bildirdi.
Tədbirin sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev başda olmaqla yubilyara hədiyyələr verildi.