“Ankaradan Qarsa Bir Yol Hekayəsi: Xocalı üçün Anma və Sərgi” adlı tədbir
Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentinin əməkdaşları Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Qazi Universiteti və Türk Sənət Dərnəyi tərəfindən onlayn olaraq təşkil edilən “Ankaradan Qarsa Bir Yol Hekayəsi: Xocalı üçün Anma və Sərgi” adlı tədbirdə iştirak etmişdir.
Tədbirdə eyni zamanda Qazi Universitetinin rektoru Prof. Dr. Musa Yıldız, Azərbaycan Respublikasının Ankaradakı Səfiri Xəzər İbrahim, Azərbaycan Millət vəkili Sultan Məmmədov, Azərbaycan Dövlət, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Prof. Dr. Ceyran Mahmudova, Kayseri Universiteti rektoru Prof. Dr. Kurtuluş Karamustafa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Prof. Dr. Fikrat Rzayev, TCDD Nəqliyyat Baş Müdir Vəkili Dos. Dr. Şinasi Kazancıoğlu, TRT Avaz Kanal Koordinatoru Sedat Sağırkaya, Qazi Universitetinin Təhsil Fakültəsinin dekanı Prof. Dr. Mahmut Selvi, Qazi Universitetinin Təhsil Fakültəsinin Rəssamlıq kafedrasının müəllimi Prof. Dr. Alev Çakmakoğlu Kuru, müəllimlər və tələbələr iştirak etmişdir.
Tədbir bir dəqiqəlik sükutdan sonra Azərbaycanın Respublikasının Dövlət Himninin və Türkiyə İstiqlal Marşının oxunması ilə başladı. Qazi Universitetinin elmi araşdırmalarla yanaşı olaraq Türk dünyasının məsələlərinə həssaslıqla yanaşdığını söyləyən Qazi Universitetinin rektoru Prof. Dr. Musa Yıldız, “Ermənilərin 26 fevral 1992-ci ildə türkləri məhv etmək üçün həyata keçirdiyi və 613 soydaşımızın öldürüldüyü Xocalı Soyqırımı həssaslıqla üzərində dayandığımız bir mövzudur. Qazi Universiteti olaraq bu vacib məsələnin ildönümündə konfrans və panel kimi tədbirlər təşkil edirik. Bundan sonra da bu sahədə işlərimizi davam etdirəcəyik. Bu məsələdə əməyi olan hər kəsə təşəkkür edirəm.” ifadələrini söylədi.
Azərbaycan Respublikasının Ankaradakı Səfiri Xəzər İbrahim çıxışına Qara şəhərində şəhid olan 16 əsgər, polis, mülki vətəndaş ilə 26 fevral 1992-ci ildə ermənilər tərəfindən qətlə yetirilən 613 Azərbaycan Türkünə Allahdan rəhmət diləyərək başladı. Türkiyə ilə Azərbaycanın Bir millət, iki dövlət olduğunu vurğulayan Xəzər İbrahim, bu soyqırımın dünyanın istənilən coğrafiyasında təkrarlanmaması üçün 29 ildir mübarizə apardıqlarını vurğuladı. Xəzər İbrahim, Qazi Universitetinin sənət yolu ilə yaşanan bu ağrılı duyğuları ifadə etmək üçün təşkil etdiyi rəsm sərgisinin çox əhəmiyyətli və mənalı olduğunu bildirdi. Xəzər İbrahim sonda tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür etdi. Azərbaycanın Millət vəkili Sultan Məmmədov da bu tədbirin təşkilinə görə Qazi Universitetinə təşəkkür etdi.
Digər məruzəçilərin çıxışları dinlənildikdən sonra Şərq Ekspresi vaqonunda sərgilənən və sərgi adına açılan başsağlığı kitabına yazılan yazılar onlayn olaraq nümayiş olundu.