Gəncə Dövlət Universitetinin rəhbərliyi və kollektivi dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər tədbirində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub. Bu münasibətlə Gəncədə ümumşəhər tədbiri keçirilib.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolos İaşvili, millət vəkilləri, həmçinin Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və professor-müəllim heyəti də iştirak ediblər.
Əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər.
Rəsmi açılış hissəsində “Nizami ili“ çərçivəsində baş tutan tədbirin torpaqları işğaldan azad olunmuş qalib ölkədə qeyd olunmasının ikiqat sevincə səbəb olduğu xüsusi vuruğulanıb. Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Nizami Gəncəvi yaradıcılığına nəzər salınıb. Dahi şairin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığı bildirilib.
Rəsmi hissədən sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib.
Gəncə Dölət Filarmoniyasının Xalq Çalğı Alətlərinin ifasında konset proqramı nümayiş olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “nizamiganjavi.az” saytının yaxın günlərdə istifadəyə veriləcəyi müjdəsi verilib. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.