UNİVERSİTETDƏ YENİ TƏDRİS İLİNİN BAŞLANMASI İLƏ BAĞLI İCLAS KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində 2021/2022-ci tədris ilinin başlanması ilə bağlı videokonfrans formatında iclas keçirilmişdir. Universitetin rekoru, professor Yusif Yusibov professor- müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək yeni tədris ilinə hazırlıq, tədris planlarının müzakirəsi, eləcə də vaksinasiya ilə bağlı məsələlər ətrafında fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Rektor, professor Yusib Yusibov pandemiya dövründə ölkə vətəndaşlarının sağlamlığının qorunması, sosial dəstəyə ehtiyacı olan ailələrin hərtərəfli qayğı ilə əhatə olunması, iqtisadiyyatımızın dayanıqlığının təmin edilməsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən mühüm tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərti təhsil işçilərinin vaksinasiyası ilə bağlıdır. Təhsil işçiləri cari ilin yanvar ayından həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır.
Hazırda əməkdaşların çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər.
Rektor bildirmişdir ki, qlobal pandemiya bütün sahələrdə olduğu kimi, təhsil sisteminə də təsirsiz ötüşmədi. Yaranmış vəziyyətlə bağlı universitetlər məsafədən təhsilin tətbiqi yolunu seçərək, təhsilin davamlılığının təmin olunmasını prioritet vəzifə kimi həyata keçirdi. Sevindirici haldır ki, bu prosesə Azərbaycanın ali təhsil müəssisələri çevik formada adaptasiya olundular. Pandemiya ilə mübarizə tədbirlərinin uğurla icrası məqsədilə Gəncə Dövlət Universitetində təxirəsalınmaz addımlar atıldı, keçən tədris ilinin ikinci semestrində tədris, daha sonra isə imtahanlar, buraxılış işlərinin müdafiəsi onlayn həyata keçirildi.
Rektor bildirdi ki, Nazirlər Kabinetinin Qərarına əsasən 2021/2022-ci tədris ilinə əyani şəkildə start veriləcək. Belə ki, tələbələr sentyabrın 29-dan əyani tədrisə cəlb olunacaqdır.
Universitetdə hər bir əməkdaşın və tələbənin şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri işlər aparılır və aparılacaq.
Universitetdə bu qaydaların tələblərinə əməl edilməsinə nəzarət ücün operativ nəzarət üzrə məsul şəxslər təşkil edilib.
Rektor 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti və yeni təhsil proqramına uyğun olaraq hazırlanmış tədris planlarının təsdiqi barədə məlumat verərək bildirmişdir ki, tədrisin əyani qaydada təşkili üçün lazımi işlər görülür, texniki imkanlar cəmləşdirilib, ənənəvi tədrisin təşkili nəzərə alınaraq, tədris planları, dərs bölgüsü, fənləri tədris edəcək müəllimlər və dərs cədvəllərinin hazırlığı aparılır.
İclasın yekununda universitetin rektoru, professor Yusif Yusibov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzulamışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti