Beynəlxalq Müəllimlər Günü ömrünü xalqın gələcəyi olan təhsilə həsr edən peşə sahiblərinin bayramıdır
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.
Beynəlxalq Müəllimlər Günü ömrünü xalqın gələcəyi olan təhsilə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev kəlamı ilə müəllim peşəsinin müqəddəsliyini vurğulamış, öz çıxışlarında dönə-dönə gənc nəslin sağlam, savadlı, vətənpərvər ruhda təlim-tərbiyəsi üçün öz ömürlərini şam kimi əridən müəllimlərə öz ehtiramını bildirmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə sayəsində insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Son illər ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlətimizin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Heydər Əliyev Fondu ölkəmizdə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də onların məsuliyyətini artırır.
Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər ruhda yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin rolu danılmazdır. Vətən üçün layiqli vətəndaş, əsgər, qürurla və əzmlə torpaqlarını düşmən işğalından azad etmək məqsədilə canından keçməyə hazır olan qəhrəmanlar yetişdirən müəllimlərin əməyi və rolu inkaredilməz bir faktdır. Yorulmaz və cəsur əsgərlərimizin yetişdirilməsində aparılan təlim-tərbiyə prosesinin nəticəsi kimi yetişən vətənpərvər gənclik Qarabağ uğrunda gedən haqq savaşımızda, düşmən tapdağında olan ərazilərimizin azad edilməsindən şücaətlə mübarizə apardılar, müqəddəs şəhidlik zirvəsinə ucaldılar, müstəqil Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar. Bu gün əzəli torpaqlarımızın rəşadətlə keşiyini çəkirlər.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov hər zaman olduğu kimi bu gün də universitetin professor-müəllim heyətindən öz diqqət və qayğısını əsirgəmir. Rektorun müvafiq əmrinə əsasən universitetin bir qrup professor-müəllim və texniki heyəti mükafatlandırılmışdır. Həmçinin, Azad Həmkarlar İttifaqı Komitəsinin xətti ilə bir qrup professor-müəllim və texniki heyət mükafatlandırılıb.
Əziz müəllimlər, müqəddəs peşənizi şərəflə və məsuliyyətlə yerinə yetirməkdə sizə uğurlar diləyir, daim inkişaf edən təhsil sistemimizə töhfələrinizin bol olmağını və yetişdirdirdiyiniz şagird və tələbələrlə hər zaman fəxr və qürur hissi keçirməyinizi arzu edirik!
Bayramınız mübarək!