GDU-nun bir qrup əməkdaşı “Mentorun 72 saatı” adlı “Bootsamp” tədbirində iştirak etmişdir
Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı Şamaxı şəhərində keçirilən “Mentorun 72 saatı” adlı “Bootcamp” tədbirində iştirak etmişdir.
3 gün davam edən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan yeni “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.
“Mentorun 72 saatı” adlı “Bootcamp” tədbiri təlimçilərin çıxışları ilə davam etmişdir. Böyük şirkətlərin konsultantı, Amerikanın “Korn Ferry” şirkətinin Türkiyə filialının icraçı direktoru Şerif Kaynarın onlayn şəkildə görüşü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. “Mentorun 72 saatı” adlı “Bootcamp” tədbirinin növbəti təlimi “Şəbəkələşmə” mövzusunda olub. Bu mövzuda çıxış edən “İnnovasiyalar Mərkəzi”nin İnsan resursları şöbəsinin müdiri Aytən Şıxəliyeva uğurlu şəbəkələşmənin qızıl qaydaları, insanın təmsil sistemləri və davranış modellərindən, həmçinin onların şəbəkələşmədə olan önəmi haqqında danışıb. Növbəti günlərdə “ASAN İnnovativ İnkişaf Mərkəzi”nin müdir müavini Hasil Abbasov, “İnnovasiyalar Mərkəzi”nin Layihələrin idarə edilməsi departamentinin müdiri Şəbnəm Məmmədova, Kapital Bankın İnnovasiya proqramının rəhbəri Tariyel Ağazadə, startap mentor Levent Burak Demiralp, “Bilim Bakı” mərkəzinin direktoru Yusuf Polat və Klinik psixoloq Şərafət Şirinli maraqlı mövzularla əlaqəli interaktiv təlim keçiblər.
Tədbirdə “Rəqəmsal dünyada yenilik”, “Şəbəkələşmə”, “Liderlik bacarıqları”, “Komandanın effektiv idarə olunması”, “Startup pitching”, “Mentorluq, texnika və mexanizmləri”, “Startapın həyat dövrü”, “Təqdimat bacarıqlarının inkişaf etdirilməsi”, “Maliyyə cəlb edilməsi strategiyaları”, “Emosional intellekt” və “İdeya müsabiqəsi – İnnovativ məhsul inkişafı” mövzularında təlimlər keçirilib, komandalar üzrə iş təşkil olunub. Həmçinin “Bilim Bakı” Mərkəzinin rəhbəri “Milli Teknoloji Hamlesi T3 Vakfı & Teknofest” haqqında da məlumat verib.
İnteraktiv şəkildə keçən təlimdə iştirakçıların sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti