Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar hadisələrindən 33 il keçir. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.
O zaman yalnız Ümummilli Lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış etmişdir. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
20 Yanvar hadisəsindən on illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Gəncədə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, həmçinin Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, ali məktəbin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Gəncədə yerləşən Şəhidlər Memorial kompleksini ziyarət olunub. Şəhidlərin məzarı önünə gül dəstələrini qoyaraq onların ruhuna hörmət və ehtiram ifadə olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti