Gəncə Dövlət Universitetində EDUMAN proqram təminatının tətbiqinə başlanılması ilə əlaqədar təlimlərə start verilib
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə Gəncə Dövlət Universitetində EDUMAN proqram təminatının tətbiqinə başlanılıb.
16 fevral 2024-cü il tarixdən etibarən Gəncə Dövlət Universitetində rektor Yusif Yusibovun müvafiq əmrinə əsasən tədrisin təşkili bəzi ixtisaslarda elektron formada həyata keçiriləcək.
Universitetdə çalışan bütün əməkdaşlar, tələbələr haqqında məlumatlar, ixtisaslara aid tədris və təqvim planları sistemə daxil edilib, sistemdə Fənn üzrə qruplar formalaşdırılıb və yoxlanılıb. Elektron cədvəllər tərtib olunub, yaxın zamanda isə elektron jurnallar aktivləşdiriləcək. Tədrisin elektron idarə edilməsində iştirak edən professor-müəllim heyəti üçün təlimatlar hazırlanıb, universitetin rəsmi saytına yerləşdirilib.
5 fevral 2024-cü il tarixdən etibarən EDUMAN proqram təminatının tətbiqinə başlanılması ilə əlaqədar universitetin professor-müəllim heyəti üçün təlimlərə start verilib. Təlimlər Gəncə Dövlət Universitetinin Əsas Tədris binasında – İnnovasiyalar Departamentinin Akt zalında keçirilir.
Təlimdə EDUMAN – “Təhsil İdarəetmə Sistemi”nin üstünlükləri, fənn kataloqu, akademik və fənn üzrə qrup, eləcə də fənn üzrə yarımqrup, tədris planı, təqvim planı, elektron jurnal, kabinet, hesabat modulları haqqında ətraflı məlumat verilir və iş prinsipi izah edilir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti