GDU-da Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov Ümumi tarix kafedrasının müəllimi Sevinc Qurbanovanın tarix üzrə fəlsəfə doktoru, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Ülkər Bayramovanın biologiya üzrə fəlsəfə doktoru, Təsviri incəsənət kafedrasının baş müəllimi Ruqiyyə Tağıyevanın və Ümumi pedaqogika kafedrasının müəllimi Dilşad Talıbovanın pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq diplomları təqdim edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib.
Elmi Şurada birinci məsələ-2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasının gedişi haqqında universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun çıxışı dinlənilib. Qeyd edilib ki, 03 iyun 2024-cü il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar yekunlaşıb və iyun ayının 20-dən kompüterdə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Test imtahanlarında gün ərzində 2000-ə qədər tələbə iştirak edir.
İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi ilə bağlı müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. İmtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir. KİV nümayəndələrinin, tələbə valideynlərinin və şəhər ziyalılarının iştirakı ilə imtahanlara ictimai baxış keçirilib. Medaitur iştirakçıları ayrı-ayrı auditoriyalarda imtahan prosesini yaxından izləyiblər, tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. O da diqqətə çatdırılıb ki, Yekun Dövlət Attestasiyası 24 iyun 2024-cü ildə başlayıb və 05 iyul 2024-cü il tarixdə Dövlət imtahanı təşkil olunacaq. Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə 08-16 iyul tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.
Gündəlikdə duran növbəti məsələ- Tədris ilinin II yarısında keçirilmiş pedaqoji internatura və istehsalat təcrübələrinin yekunlarına dair Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin geniş hesabat məruzəsi dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasda qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması və görüləcək işlər müzakirə edilib.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti