REFRESH layihəsi çərçivəsində İspaniya Krallığının Barselona Universitetinə (UB) təcrübə səfəri

3-7 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (https://unec.edu.az) koordinator, Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması – REFRESH” layihəsi çərçivəsində İspaniya Krallığının Barselona Universitetinə (UB) təcrübə səfəri baş tutub.

Səfərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti, Azərbyacan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

Tədbirin ilk günü Barselona Universitetinin Beynəlmiləlləşmə Siyasəti üzrə prorektoru iştirakçıları salamlayıb. Nərmin İbrahimova REFRESH layihəsinin UNEC üzrə daimi komandasının üzvü olaraq, layihənin fəaliyyəti, görüş gündəliyi haqqında açılış sessiyasında təqdimat edib.

Təcrübə səfəri müddətində iştirakçılar UB-nin tarixi tədris binasının ekskursiyasına qatılıb və universitetin zəngin irsi ilə tanış olublar. Bundan əlavə iştirakçılar innovasiya, dayanıqlılıq, səhiyyə və mədəniyyət sahələrində çalışan bir neçə rezident təşkilata ev sahibliyi edən Sant Pau Recinte Modernistaya təşkil olunan ekskursiyada iştirak edib.

Təcrübə səfərinin növbəti günündə REFRESH layihəsinin koordinasiyası və fəaliyyəti ilə əlaqədar bir sıra məsələlələrə toxunulub. UNEC və UB nümayəndələri REFRESH layihəsinin İş Paketləri üzrə edilmiş və ediləcək faəliyyət, praktiki nəticələr və növbəti mərhələlərlə bağlı məqamlara toxunub. Layihənin yerli və xarici qurumlar üzrə menecerləri fəaliyyət planına əsasən aralıq hesabatının hazırlanması istiqamətində təqdimat edib.

Səfər çərçivəsində iştirakçılar UB-nin Bərpa Olunan və Dayanıqlı Enerji üzrə magistratura proqramının tədris planı, sillabusda əhatə olunan mövzular, proqramın məqsədləri, kompetensiyalar, qəbul kriteriyaları və dərs planı, sessiyaların və praktiki məşğələlərin təşkili, tədris metodologiyaları, qiymətləndirmə sistemləri və tələbə dəstəyi xidmətləri ilə yaxından tanış olub. Bununla yanaşı Dövri İqtisadiyyat və Dayanıqlılıq üzrə İxtisaslaşma proqramı haqqında  məlumat verilib.

Təcrübə səfərinin son günündə UB nümayəndələri tərəfindən “İnnovasiya ekosistemlərinin qurulmasında universitet sənaye əlaqələrinin rolu” mövzusunda seminar keçirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti