“REFRESH” layihəsi çərçivəsində İsveçə təcrübə səfəri baş tutub
Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu və Azərbaycan Dövlət İqtisad Universitetinin (https://unec.edu.az) koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının Erasmus+ proqramının “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması – REFRESH” layihəsi çərçivəsində İsveçin KTH Kral Texnologiya İnstitutuna (KTH) təcrübə səfəri baş tutub. Səfərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Texnologiya Universiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU) və Lənkəran Dövlət Universitetinin (LDU) nümayəndələri iştirak edib.
Beş günlük təcrübə səfəri müddətində KTH-də enerji texnologiyası, ətraf mühitin dayanıqlılığı və ali təhsilin müxtəlif aspektlərinə həsr olunmuş bir sıra tədbir və seminarlar keçirilib. Sözügedən təbirlərdə həmçinin Azərbaycanın COP29-a sədrlik etməsinin əhəmiyyəti haqqında müzakirə sessiyası təşkil olunub.
Səfər çərçivəsində KTH-in nümayəndəsi Viktor Kordas enerji, ətraf mühit və iqlim dəyişikliklərinin azaldılması sahəsində institutun təşəbbüslərinə diqqət yetirməklə, ilkin şəbəkələşmə və fikir mübadiləsi üçün platforma təmin etmək məqsədilə seminar keçirib. Bundan başqa, nümayəndə heyətinə KTH-nin Enerji Texnologiyaları Departamentinin fəaliyyəti, enerji tədqiqatlarının təşkili, eləcə də Enerji Platforması haqqında məlumat verilib. İştirakçılar dayanıqlı enerji mühəndisliyinə həsr olunmuş laboratoriyaları gəzib, innovativ texnologiyalar və dayanıqlılıq təcrübələri ilə tanış olublar.
Səfər zamanı həmçinin sosial tərəfdaşlar və KTH arasında enerji və iqlim dəyişikliyi sahəsində geniş əməkdaşlıq fəaliyyətləri müzakirə olunub. Ali təhsildə rəqəmsal alətlər və texnologiyalar, Yaşıl Şəhərlər təşəbbüsü və effektiv ictimai tərəfdaşlıqlar haqqında aparılan diskussiyalar KTH-nin icmanın iştirakı ilə texnologiyanın davamlı inkişaf üçün istifadəsinə yanaşmasını hərtərəfli anlamağa imkan yaradıb.
Yekunda REFRESH layihəsinin menecment görüşü həyata keçirilib. Görüşdə layihənin növbəti mərhələləri və görüləcək işlər müzakirə olunub.