ENGAGE layihəsi çərçivəsində Portuqaliyada növbəti təlim proqramı keçirilib
Gəncə Dövlət Universitetinin tərəfdaş və Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində 1-4 iyul 2024-cü il tarixlərində Portuqaliyanın Lissabon Texniki Universitetinə növbəti səfər baş tutub.
Təlim proqramının ilk günü universitetin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti professor Zita Martins layihənin üzvü olan 9 Azərbaycan ali təhsil müəssisəsinin nümayəndə heyətini salamlayaraq sahibkarlıq təhsilində beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Daha sonra Gülşən Bayramova ENGAGE layihəsi haqqında qısa hesabatla çıxış edərək təlim proqramının məqsədlərini və planlaşdırılan fəaliyyətləri iştirakçıların diqqətinə çatdırıb. Proqrama uyğun olaraq, Lissabon Texniki Universitetinin məsul nümayəndələri universitetin resursları, əməkdaşlıq şəbəkəsi və yeni başlayan sahibkarlar üçün mövcud olan dəstək mexanizmləri haqqında məlumat veriblər. Eyni zamanda, innovativ fəaliyyətdə dizayn yönümlü düşüncənin inkişaf etdirilməsi, bu istiqamətdə mövcud metodologiyaların tətbiqi və Técnico İnnovasiya Mərkəzində sahibkarlıq təhsilinin praktiki tətbiqləri, sahibkarlıq təhsilinin beş əsas təcrübəsi, effektiv tədris strategiyaları və kurrikulumun tərtibi, rəqəmsal innovasiya və rəqəmsal transformasiya təşəbbüslərinin əhəmiyyəti barədə öz təcrübələrini bölüşüblər.
Nümayəndə heyəti, həmçinin Técnico Lisboa Doktorantura Məktəbi modeli və məktəbin tədqiqat və innovasiyaları inkişaf etdirmə üçün mövcud yanaşması ilə tanış olub. Təlim müddətində Eşqin Bayramov və Ana Lukasın moderatorluğunda Azərbaycan nümayəndə heyəti ilə sahibkarlıq təhsili üzrə açıq müzakirə də təşkil edilib, təcrübə mübadiləsi aparılıb.
Tələbələrin öz sahibkarlıq layihələrini təqdim etdikləri “E.Awards” proqramı da bu səfərin vacib məqamlarından biri olub. Təlim proqramının yekununda Texnologiya Laboratoriyasına ziyarət təşkil edilib, İnnovasiya Mərkəzi və Tələbə Laboratoriyaları Təcrübələri haqqında geniş məlumatlar verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti