Sakarya Universitetinin professoru, kimya sahəsində tanınmış alim Ahmet Tutar GDU-da

29 aprel 2026-cı il tarixdə Türkiyənin Sakarya Universitetinin professoru, kimya sahəsində tanınmış alim  Ahmet Tutar Gəncə Dövlət Universitetində (GDU) olub.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov qardaş ölkənin professoru ilə görüşüb. Görüşdə GDU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən  İsfəndiyar Alverdiyev və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov da iştirak ediblər.

Rektor Yusif Yusibov qonağı salamlayaraq universitetin müasir tələblərə cavab verən maddi-texniki bazasından, son illərdə yaradılmış innovativ tədris mühitindən, həyata keçirilən ikili diplom proqramından, elmi-tədqiqat imkanlarından və tələbələrin hərtərəfli inkişafına yönəlmiş şəraitdən bəhs edib. Bununla yanaşı, rektor Yusif Yusibov universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, xüsusilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə qurulmuş əməkdaşlıq əlaqələrindən bəhs edib. Qeyd olunub ki, bu elmi əlaqələr çərçivəsində müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqat layihələri, beynəlxalq konfrans və seminarların təşkili bu gün də uğurla davam etdirilir.

Sakarya Universitetinin professoru Ahmet Tutar gələcək perspektivlərə toxunaraq hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmindən danışıb. O, xüsusilə ustad dərslərinin təşkili, tələbə və müəllim mübadilə proqramlarının inkişaf etdirilməsi, eləcə də birgə beynəlxalq simpozium və elmi konfransların keçirilməsinin universitetlər üçün mühüm elmi və akademik töhfələr verəcəyini qeyd edib.

Daha sonra Sakarya Universitetinin professoru Ahmet Tutar Gəncə Dövlət Universitetində “Boron-dipirrometen (BODIPY)-yə ümumi baxış: unikal və çoxşaxəli molekul” mövzusunda keçirilən elmi seminarda geniş məruzə ilə çıxış edib.

Elmi seminarda GDU-nun prorektorları, Kimya və biologiya fakültəsinin əməkdaşları, Bioresurslar İnistitutunun, Ekalogiya və Təbii Ehtiyatlar İnistitutunun, eləcə də  Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları, tələbələr və doktrantlar iştirak ediblər.

Gəncə Dövlət Universitetinin  Tədris işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən  İsfəndiyar Alverdiyev seminarda çıxış edərək universitetdə keçirilən seminarların elmi biliklərin inkişafında, tədqiqatçıların fikir mübadiləsində və gənc alimlərin formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə universitetdə elmi mühitin zənginləşdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tələbələrin elmi fəaliyyətə marağının artırılması baxımından təşkil olunan elmi seminarların mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra kimya sahəsində tanınmış alim Ahmet Tutar boron-dipirrometen (BODIPY) birləşmələrinin kimyəvi quruluşu, əsas xüsusiyyətləri və müxtəlif sahələrdə tətbiqi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu molekullar yüksək flüoresans qabiliyyəti, fotokimyəvi sabitliyi və modifikasiya imkanlarının genişliyi ilə seçilir. Məruzəçi onu da bildirib ki, BODIPY molekulları öz unikal optik və kimyəvi xüsusiyyətləri sayəsində həm fundamental tədqiqatlarda, həm də tətbiqi sahələrdə böyük əhəmiyyət kəsb edir.

Elmi seminarın sonunda Sakarya Universitetinin professoru Ahmet Tutar mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb.