Gəncə Dövlət Universitetində tələbələr üçün təhsil tələbə krediti və karyera inkişafı təlimi keçirilib
20 may 2026-cı il tarixində Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində tələbələr üçün maarifləndirici infosessiya və iki günlük təlim proqramı təşkil olunub.
GDU-nun Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, Təhsil Tələbə Krediti Fondu tərəfindən gənclərin ali, orta ixtisas və peşə təhsili almağa təşviq etmək, təhsilin əlçatanlığını artırmaq və bu sahədə bərabər imkanlar yaratmaq məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir.
Fondun əməkdaşı Günay Xəlilova iştirakçılara təhsil tələbə kreditləri, müraciət prosedurları, kreditlərin verilmə mexanizmləri və ödəniş şərtləri barədə ətraflı məlumat verib. Görüş interaktiv formatda keçirilib, tələbələrin sualları cavablandırılıb.
“Yumşaq Bacarıqlar və Əmək Bazarına Hazırlıq” layihəsi çərçivəsində, təhsil tələbə kreditlərindən yararlanan Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün 20-21 may tarixlərində “Karyeraya Doğru: Planlama, CV və Müsahibə Bacarıqları” mövzusunda təlim proqramı keçirilib. Təlim zamanı Leyla Rəhimova tələbələrə karyera planlaması, əmək bazarının tələblərinin düzgün təhlili, peşəkar CV və motivasiya məktubunun hazırlanması, eləcə də uğurlu iş müsahibəsi bacarıqları barədə nəzəri və praktiki biliklər təqdim edib.
Tələbələr qrup işləri, situasiya əsaslı tapşırıqlar və müsahibə simulyasiyalarında fəal iştirak ediblər. Eyni zamanda gənclər düzgün ünsiyyət və təqdimat bacarıqları, özünüifadə, peşəkar davranış qaydaları və müsahibə zamanı qarşıya çıxan çətin situasiyaların idarə olunması barədə faydalı məlumatlar əldə ediblər.
2 günlük təlimin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.








