GDU-da yaz imtahan sessiyası başlayıb

Gəncə Dövlət Universitetində (GDU) bakalavriat və magistratura səviyyəsi üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.

Hazırda bakalavriat və magistratura səviyyəsi üzrə imtahanlar yazılı formada aparılır. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir. Yazılı formada olan imtahanlar bakalavriat səviyyəsi üzrə 5 iyun tarixinə qədər, magistratura səviyyəsi üzrə isə iyun ayının sonuna kimi davam edəcək. Qabiliyyət formasında olan imtahanların 02 iyun-02 iyul 2026-cı il tarixlərdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, universitetdə ikili diplom proqramı üzrə  Biologiya ixtisası üzrə, həmçinin   tədrisi ingilis dilində olan Kimya və biologiya ixtisasında təhsil alan tələbələr şifahi formada imtahan verəcəklər.

Gəncə Dövlət Universitetində bakalavriat səviyyəsində test formasında olan imtahanlar 8 iyun-22 iyul 2026-cı il tarixlərdə keçiriləcək. Test sualları öncədən universitetin “Elektron İmtahan Sistemi”nə yerləşdirilib, o cümlədən tələbə kabinetinə göndərilib və “EduMan” sisteminə dair yaradılan elektron səhifədə imtahanların keçirilməsinə dair təlimat da yerləşdirilib.

İmtahan sessiyasının səmərəli təşkili, prosesə operativ nəzarətin həyata keçirilməsi, müraciətlərin araşdırılması və şəffaflığın təmin edilməsi məqsədilə Universitet üzrə İmtahan Qərargahı, İmtahan Mərkəzi, Apellyasiya Komissiyası və İctimai Nəzarət Şurası yaradılıb. İmtahan sessiyasının mövcud qanunvericiliyin, təhsil standartlarının və universitetdaxili akademik qaydaların tələblərinə uyğun, şəffaf, obyektiv və mütəşəkkil şəkildə keçirilməsi məqsədilə zəruri təşkilati, metodiki, texniki və nəzarət tədbirləri əvvəlcədən həyata keçirilib.

İmtahan sessiyasına hazırlıqda tələbələrin pedaqoji və psixoloji dəstəklə təmin olunması da xüsusi diqqət mərkəzində saxlanılır. İmtahan sessiyasının 3 iyul 2026-cı il tarixdə yekunlaşması nəzərdə tutulur.