15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü müasir dövlətçiliyimizin formalaşmasında dönüş nöqtəsi, xalqımızın gələcəyini müəyyən edən ən mühüm məqamlardan biridir. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, fədakarlığının və qətiyyətli liderliyinin sayəsində Azərbaycan dövlətçiliyi yenidən qurulub, xalqımız ağır faciələrdən, siyasi böhranlardan və vətəndaş qarşıdurmalarından xilas edilərək sabitlik, inkişaf və tərəqqi yoluna çıxıb.
1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ciddi təhlükə altında idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi xaos, iqtisadi tənəzzül, vətəndaş qarşıdurmaları hökm sürür, dövlət təsisatları fəaliyyətini itirmiş, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Belə bir böhranlı dövrdə xalqın israrlı tələbi ilə 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, qanunçuluq və hüquq qaydaları bərpa olundu, iqtisadi islahatlara start verildi, beynəlxalq əməkdaşlıq əlaqələri quruldu. Bu səbəbdən 15 iyun tarixi yalnız bir liderin qayıdışı deyil, bütöv bir xalqın dirçəlişidir və bu gün haqlı olaraq xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi böyük qürurla qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin təməl prinsiplərindən ən mühüm olanı ölkədə sabitliyin təmin olunması idi. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını təmin edən əsas amillərdir.
Bir məsələni də unutmaq olmaz ki, müstəqilliyə nail olmuş digər postsovet respublikalarından fərqli olaraq 1991-1993-cü illərdə Azərbaycan Respublikası iqtisadi böhranla yanaşı, siyasi böhranla da üzləşmişdi. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə dövləti dərin böhran vəziyyətinə salmışdı. Bu daxili amillərlə yanaşı, Azərbaycan Respublikası həm də geosiyasi mövqeyinə görə dünya dövlətlərinin gərgin mübarizə və maraq obyektinə çevrilmişdi. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycanın zəngin neft ehtiyatları idi. XIX əsrin ikinci yarısından etibarən xarici şirkətlər Azərbaycanın “qara qızıl”ının əsl qiymətini bilirdilər. Belə bir çətin dövrdə Ulu Öndər Heydər Əliyev təzyiqlərə baxmayaraq, tam sərbəst və bərabərhüquqlu tərəfdaş kimi müqavilənin imzalanmasına nail oldu. Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası” Azərbaycanın öz milli sərvətlərinin sahibinə çevrilməsinin, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkənin 90-cı illərin əvvəllərindəki siyasi, iqtisadi və sosial böhranlardan çıxmasının rəmzidir. Ən əsası isə XXI əsrin astanasında yüksək inkişaf etmiş, güclü və demokratik Azərbaycan dövlətinin yaradılmasıdır. Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı.
1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycan cəmiyyətinin sabitliyə, milli birliyə və əmin-amanlığa ehtiyacı var idi. Bu zərurətdən doğaraq, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası yaradıldı. Ziyalıların təşəbbüsü və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşan bu siyasi təşkilat qısa müddət ərzində xalqın etimadını qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Yeni Azərbaycan Partiyasının formalaşması bütövlükdə ölkədə siyasi sistemin demokratik əsaslarla qurulmasına, çoxpartiyalı sistemin inkişafına, vətəndaşların ictimai-siyasi proseslərə cəlb olunmasına böyük təkan verdi. Eyni zamanda, bu partiya cəmiyyətin bütün təbəqələrini birləşdirərək, milli ideologiyanın daşıyıcısına və dövlətçilik təfəkkürünün yayılmasında aparıcı rola malik qüvvəyə çevrildi.
Müasir, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımıza və dövlətimizə vəsiyyət etdiyi ən böyük arzu – Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın azad olunması – artıq reallığa çevrilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq Qarabağda tarixi ədaləti bərpa edib. Azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən nəhəng bərpa-quruculuq işləri Azərbaycan dövlətinin və xalqının yenilməz iradəsini və inkişaf potensialını bir daha sübut edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz qurub-yaradan xalqıq və azad Qarabağda həyat yenidən canlanır.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı, vətəndaş cəmiyyətinin banisi kimi özündən sonra qoyduğu böyük siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın regional lider kimi mövqeləri daha da möhkəmlənir, qlobal miqyasda nüfuzu artır. Ümummilli Liderin müəyyən etdiyi strategiya ölkəmizi sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəli aparır. Dövlətimizin sosial-iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ordu quruculuğu sahəsində qazandığı uğurlar məhz 15 iyunda başlayan siyasi iradənin nəticəsidir.
Bu gün Azərbaycan müstəqil dövlət, XXI əsrdə ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən bir ölkə olaraq möhkəm, sağlam təməllər üzərində inkişaf edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


