GDU-DA İMTAHAN SESSİYASINI İZLƏMƏK ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNUB
Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ili üzrə yaz semestrinin imtahan sessiyasının gedişini izləmək məqsədi ilə mediatur təşkil olunub.
Mediaturda millət vəkili, KİV nümayəndələri, universitet əməkdaşları və tələbə valideynləri iştirak edib.
Əvvəlcə mediatur iştirakçıları ilə görüş keçirilib. Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək 2025/2026-cı tədris ili üzrə yaz semestrinin imtahan sessiyası ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, imtahan prosesində obyektivliyin və akademik dürüstlük prinsiplərinin təmin olunması universitet rəhbərliyinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir. Prorektor Gəncə Dövlət Univrersitetində tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsi, akademik dürüstlük prinsiplərinin qorunması, eləcə də imtahan prosesində operativ nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı həyata keçirilən işlər haqqında danışıb.
Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev çıxışında qeyd edib ki, Gəncə Dövlət Universitetində bakalavriat və magistratura səviyyəsi üzrə yaz semestrinin imtahan sessiyasına 1 iyun 2026-cı il tarixdə start verilib. 8 iyun tarixdən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Hazırda imtahanlar uğurla davam edir. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir və imtahanların gedişi izlənilir. Gün ərzində 2000-ə qədər tələbə test imtahanlarında iştirak edir. İmtahan sessiyasının yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi və tələbələrin biliyinin qiymətləndirmə prosesində obyektivliyin təmin olunması məqsədilə universitet rəhbərliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun baş müşaviri Asif Cavadov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Tədris departamentinin direktoru Elturan Yusifov, Elmi katib Seymur Meşaik çıxışlarında imtahanlarda ictimai baxışın əhəmiyyətindən danışıblar.
Tələbə valideynləri imtahanlarda obyektivliyin təmin olunmasına və ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.
Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini yaxından izləyiblər. Bununla yanaşı onlar imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar.
Sonda mediatur iştirakçıları universitetdə tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 1 iyun 2026-cı il tarixdə başlayan yaz imtahan sessiyasının 3 iyul 2026-cı il tarixdə yekunlaşması nəzərdə tutulur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti











