Magistrlik dissertasiyalarının müdafiəsi prosesi başlanmışdır
22 iyun 2026-cı il tarixdə Gəncə Dövlət Universitetində təhsil alan 2-ci kurs magistrantlarının yekun dövlət attestasiyasına start verilmişdir. Bununla əlaqədar olaraq Universitetin Magistratura şöbəsində Magistrlik dissertasiyalarının müdafiəsi ilə bağlı toplantı təşkil edilmişdir.
Magistratura şöbəsinin müdiri dosent Emin Yaqubov giriş sözü ilə çıxış edərək bildirmişdir ki, mövcud qaydalara əsasən, yekun attestasiyaya buraxılan magistrantlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, eləcə də Gəncə Dövlət Universiteti tərəfindən verilən müvafiq əmrlərlə yaradılmış İxtisaslaşdırılmış Elmi Şuralar qarşısında magistrlik dissertasiyalarını müdafiə etməlidirlər. O, yuxarıda qeyd olunan əmrləri oxumaqla şuraların tərkibi haqqında iştirakçılara məlumat vermişdir. Bundan sonra reqlament müəyyən edilmiş və İxtisaslaşdırılmış Elmi Şuralar öz işinə başlamışdır.
İlk müdafiə günündə Magistratura səviyyəsinin Riyaziyyat, Riyaziyyat müəllimliyi, Kompüter elmləri ixtisasları üzrə təhsil alan magistrantların müdafiə prosesi baş tutmuşdur. Magistrantlar apardıqları elmi-tədqiqat işlərinə dair məruzə ilə çıxış etmiş, magistrlik dissertasiyalarının məzmunu, tədqiqat işlərinin xarakteri, metodikası və əldə etdikləri nəticələr haqqında məlumatlar vermişlər. İxtisaslaşdırılmış Elmi Şuranın üzvləri dos. S.Zeynalova, dos. T.Məmmədov, dos. İ.Cabbarov və başqaları magistrantlara suallar ünvanlamış, onların məruzələri ətrafında müzakirələr aparılmış, dəyərli tövsiyələr verilmişdir.
Magistrantlardan Sadıxova Firuzə, Mehdiyeva Nigar, Verdiyev Xeyrəddin, Nəsiri Aytac, Muradova Ramidə, Zeynalova Nəzrin, Nəbizadə Aysel, Bədəlova Nigar, Həşimli Aqilə, Qəhrəmanova Aysel, Abbasova Aydan, Şixəliyeva Ülviyyə, Haqverdiyeva Aysu, Əliyev Rəşid, Hüseynov Hüseynin müdafiə üçün təqdim etdikləri dissertasiya işləri və çıxışları daha çox bəyənilərək yüksək qiymətləndirilmişdir.
Müdafiə prosesinin nəticəsi olaraq Riyaziyyat ixtisası üzrə 16 nəfər, Riyaziyyat müəllimliyi ixtisası üzrə 6 nəfər, Kompüter elmləri ixtisası üzrə 12 nəfər məzuna Magistr dərəcəsinin verilməsi haqqında qərar qəbul edilmişdir.
Yekunda şura üzvləri məzunları təbrik etmiş, onlara gələcək elmi-tədqiqat işlərində və karyeralarında uğurlar arzu etmişlər. Magistrantlar da təhsil müddəti ərzində onlara göstərilən diqqət və qayğıya görə Universitetin rektoru Yusif Yusibov başda olmaqla bütün kollektivə, o cümlədən Magistartura şöbəsinin rəhbərliyinə, onlara dərs deyən müəllimlərə və zəhməti olan bütün akademik heyətə öz minnətdarlıqlarını bildirmişlər.
Növbəti günlərdə digər ixtisaslarda da müdafiə prosesləri təşkil ediləcək.








