GDU-da Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl Universitetin rektoru Yusif Yusibov Azərbaycan tarixi kafedrasının əməkdaşı Təranə Behbudovanın Vətən tarixi ixtisası üzrə dosent elmi adı, İnformatika və cəbr kafedrasının baş müəllimi Bəsti Cəfərovanın İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş attestat və diplomu təqdim edərək, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
İclasın gündəliyində duran birinci məsələ- Yaz imtahan sessiyasının gedişi haqqında Tədris departamentinin direktoru Elturan Yusifov ətraflı çıxış edib. Diqqətə çatdırıb ki, 2025/2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyası universitetin akademik təqviminə, tədris planlarına, mövcud normativ sənədlərə və qiymətləndirmə qaydalarına uyğun olaraq davam etdirilir. İmtahanların gedişi zamanı şəffaflıq, obyektivlik və akademik intizam prinsipləri əsas götürülür. Elturan Yusifov onu da bildirib ki, yaz imtahan sessiyası ümumilikdə sistemli, planlı və təşkilati baxımdan qənaətbəxş səviyyədə davam edir. Nəzarət qrupları tərəfindən imtahan prosesinin gedişi izlənilir, yaranan texniki və təşkilati məsələlərin operativ şəkildə aradan qaldırılması təmin edilir. Sessiya müddətində tələbələr üçün əlverişli imtahan mühitinin yaradılması, onların müraciətlərinin operativ cavablandırılması və təşkilati məsələlərin vaxtında həll olunması istiqamətində zəruri tədbirlər görülür.
Daha sonra 2025/2026-cı tədris ilində humanitar sahədə görülən işlərə dair Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevanın hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, hesabat dövründə GDU-da humanitar sahənin inkişafı istiqamətində məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilib. Tələbələrin ictimai və yaradıcılıq fəaliyyətinin genişləndirilməsi məqsədilə müxtəlif konfranslar, seminarlar, dəyirmi masalar, görüşlər, maarifləndirici tədbirlər və intellektual yarışlar təşkil edilib. Dövlətçilik ənənələrinin, Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin təbliği istiqamətində keçirilən tədbirlər tələbələrin dünyagörüşünün formalaşmasına və vətəndaş mövqeyinin möhkəmlənməsinə xidmət edib. Gənclərin sosial fəallığının artırılması, müxtəlif sosial layihələrdə iştirakının təmin edilməsi istiqamətində ardıcıl işlər görülüb. Bununla yanaşı universitet büdcəsi hesabına tələbə və əməkdaşların sosial rifahının yüksəldilməsi, onların ehtiyac və müraciətlərinə həssas yanaşmanın təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Elmi Şuranın iclasında 2025/2026-cı tədris ili üzrə İnsan resursları şöbəsinin həyata keçirdiyi işlərə dair şöbənin müdiri Gülçöhrə Tağıyeva çıxış edib. Şöbə müdiri bildirib ki, insan resursları şöbəsi universitetin kadr siyasətinin səmərəli həyata keçirilməsi, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi və insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirib. Hesabat dövründə professor-müəllim heyətinin, inzibati-idarəetmə, tədris-köməkçi və digər işçi kateqoriyalarının işə qəbulu, vəzifə dəyişiklikləri, əmək müqavilələrinin bağlanması, uzadılması və xitam verilməsi, eləcə də kadr sənədləşməsinin aparılması qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilib. Şöbə tərəfindən əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində tədbirlər davam etdirilib, işçi məlumat bazasının mütəmadi yenilənməsi təmin olunub.
İclasın gündəliyində duran növbəti məsələ- Kitabxana və İnformasiya Mərkəzinin 2025/2026-cı illərdə icra etdiyi işlər haqqında Mərkəzin müdiri Ayşən Əhmədovanın ətraflı çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, hesabat ili ərzində oxuculara göstərilən kitabxana-informasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və müasir kitabxana xidmətlərinin tətbiqi diqqət mərkəzində saxlanılıb. Ən mühüm nailiyyətlərindən biri Gəncə Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzində ilk dəfə Elektron kitabxananın yaradılması olub. Ayşən Əhmədova bildirib ki, qısa müddətdə sistemə 6000-dən artıq elektron resurs yerləşdirilib. Elektron kitabxana sisteminin səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları üçün “SİNAM” MMC-nin mütəxəssisləri tərəfindən təlimlər keçirilib. O da qeyd olunub ki, 2025/2026-cı tədris ilində Kitabxana-İnformasiya Mərkəzinin fondu 1595 nüsxə yeni ədəbiyyatla zənginləşdirilib, fondun komplektləşdirilməsi məqsədilə universitet büdcəsi hesabına xeyli sayda ədəbiyyat alınıb, oxucular tərəfindən itirilmiş kitabların əvəzinə isə yeni kitablar fonda daxil edilib. Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə əməkdaşlıq çərçivəsində universitetin bütün fakültələrində kitab sərgiləri də təşkil olunub.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasda iqtisad üzrə elmlər doktoru Mayıs Gülalıyevin Menecment və turizm işi kafedrasında vakant olan professor vəzifəsini, pedaqogika üzrə fəlsəfə doktoru Samirə Rüstəmovanın və fizika üzrə fəlsəfə doktoru Aysel Həmzəyevanın Fizika kafedrasında vakant olan dosent vəzifələrini tutmaları məsələsi müzakirə edilərək gizli səsvermə yolu ilə qəbul edilib.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






