GDU-nun əməkdaşları Sakarya Universitetində beynəlxalq elmi konfransda iştirak ediblər
24–28 iyun 2026-cı il tarixlərində Sakarya Universitetinin ev sahibliyi ilə 3 elmi konfrans -Təbiət Elmləri və Mühəndislikdə İnnovasiyalar üzrə 5-ci Beynəlxalq Konfrans, Humik Maddələr üzrə 6-cı Beynəlxalq Türk Konfransı və Türk Dünyası Kimya Elmləri və Texnologiyaları üzrə 7-ci Beynəlxalq Konfrans keçirilib.
Təxminən 25 müxtəlif ölkədən 200-ə yaxın nüfuzlu elm insanını bir araya gətirən bu mötəbər beynəlxalq tədbirin ilk günü açılış mərasimi, protokol çıxışları və elmi təqdimatlarla yadda qalıb. Növbəti günlərdə isə təbiət elmləri, kimya, mühəndislik və humik maddələr sahələrində aktual mövzulara həsr olunmuş elmi sessiyalar, məruzələr, panel müzakirələri və ustad dərsləri təşkil edilib.
Konfransda Gəncə Dövlət Universitetindən Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova və kafedranın dosenti Zabitə Ələkbərova iştirak ediblər. Əməkdaşlarımız konfransın mövzusuna uyğun çıxış ediblər.
Elmi konfransın açılış mərasimində çıxış edənlər beynəlxalq elmi əməkdaşlığın, birgə tədqiqatların və akademik tərəfdaşlığın inkişafının müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu cür beynəlxalq platformaların elm adamları arasında təcrübə mübadiləsinin genişlənməsinə, yeni elmi əməkdaşlıqların qurulmasına və innovativ tədqiqatların inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Beynəlxalq elmi konfrans çərçivəsində Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədovaya və kafedranın dosenti Zabitə Ələkbərovaya sertifikatlar təqdim olunub.
Sonda Sakarya Universitetinin Konqres Mərkəzində keçirilən “Türk Dünyası Musiqiləri” adlı konsert müxtəlif ölkələrdən gələn iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti







