Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib.

 Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə professor-müəllim heyətini təbrik edib, xoş arzularını çatdırıb.

Rektor Botanika kafedrasının əməkdaşı Afaq Əliyevanın Dərman və efir yağlı bitkilər ixtisası üzrə dosent elmi adı alması münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş attestatı təqdim edərək,  ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

 Daha sonra rektor Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib.

İclasın gündəliyində duran birinci məsələ- 2025/2026-cı tədris ili üzrə yaz  imtahan sessiyasının yekunu və 2026/2027-ci tədris ilində qarşıda duran vəzifələr haqqında  Tədris departamentinin direktoru Elturan Yusifovun ətraflı çıxışı dinlənilib.  Diqqətə çatdırılıb ki, 2025/2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyası universitetin akademik təqviminə, tədris planlarına, mövcud normativ sənədlərə və qiymətləndirmə qaydalarına uyğun olaraq həyata keçirilib. İmtahanlarda şəffaflıq, obyektivlik və akademik intizam prinsiplər əsas götürülüb. Elturan Yusifov onu da bildirib ki, yaz imtahan sessiyasında  nəzarət qrupları tərəfindən imtahan prosesinin gedişi daim izlənilib, yaranan texniki və təşkilati məsələlərin operativ şəkildə aradan qaldırılması təmin edilib. Sessiya müddətində tələbələr üçün əlverişli imtahan mühitinin yaradılması, onların müraciətlərinin operativ cavablandırılması və təşkilati məsələlərin vaxtında həll olunması istiqamətində zəruri tədbirlər görülüb.

İclasın gündəliyində duran növbəti məsələ- Universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri haqqında İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov hesabat məruzəsi ilə çıxış edib. Prorektor universitetin tədris binalarında həyata keçirilən təmir-bərpa və abadlıq işləri, eləcə də maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra universitetin Keyfiyyətin Təminatı Mərkəzinin 2026/2027-ci tədris ilində qarşıya qoyduğu vəzifələr haqqında Mərkəzin direktoru İsmayıl İsmayılovun çıxışı dinlənilib. İsmayıl İsmayılov universitetdə təhsilin keyfiyyətinin təmin olunması istiqamətində görüləcək işlər, tədris prosesinin monitorinqi və qiymətləndirilməsi, aparılacaq sorğular, daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və gələcək fəaliyyət planları haqqında danışıb.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.

İclasda  5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin hər bir əməkdaşına aylıq əmək haqqının 10 %-i miqdarında pul mükafatı verilməsi barədə qərar da qəbul edilib.

Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, əmək intizamının möhkəmləndirilməsinə və tələbələrə diqqətin daha da artırılmasına dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.