Gəncə Dövlət Universitetində Qərbi Azərbaycandan olan bir qrup əməkdaşa döş nişanları və üzvlük vəsiqələri təqdim edilib

Gəncə Dövlət Universitetində çalışan Qərbi Azərbaycandan olan bir qrup əməkdaşa döş nişanları və üzvlük vəsiqələrinin təqdim olunması ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Qərbi Azərbaycanın xalqımızın qədim yaşayış məkanlarından biri olması, eləcə də burada olan zəngin maddi və mənəvi irs haqqında ətraflı məlumat verib. Prorektor azərbaycanlıların müxtəlif dövrlərdə öz tarixi torpaqlarından deportasiyaya və zorakı köçlərə məruz qaldıqlarını qeyd edərək, bu hadisələrin milli yaddaşda qorunmasının vacibliyini vurğulayıb.

Prorektor Gülsüm Fətəliyeva çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Qərbi Azərbaycan məsələsinin siyasi müstəvidə gündəmə gətirilməsi və tarixi torpaqlara qayıdış ideyasının aktuallığının qorunması istiqamətində atılan addımlara diqqət çəkib. Eləcə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin, eləcə də ölkəmizin suverenliyinin tam bərpa edilməsinin dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdiyini bildirib.

Tədbirdə GDU-nun professoru Mübariz Yusifov, Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov, İnformatika və cəbr kafedrasının müdiri İlqar Cabbarov, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva, İnsan resursları şöbəsinin müdiri Gülçöhrə Tağıyeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli və digər çıxış edənlər Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və təbliğinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən danışılıb, tarixi faktların gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda Gəncə Dövlət Universitetində çalışan Qərbi Azərbaycandan olan bir qrup əməkdaşa döş nişanları və üzvlük vəsiqələri təqdim edilib.