GDU-da akkreditasiya üzrə tövsiyə və göstərişlərin icrası ilə bağlı iclas keçirilib

Gəncə Dövlət Universitetində (GDU) Akkreditasiya Komissiyasının Yekun Hesabatında əksini tapan tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 23 oktyabr 2026-cı il tarixində iclas keçirilib.

İclasda universitetin rektoru Yusif Yusibov, prorektorlar, universitet üzrə Akkreditasiya Komissiyasının üzvləri, fakültə dekanları, kafedra müdirləri və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

Rektor Yusif Yusibov bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2026-cı il 10 iyul tarixli müvafiq qərarı əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri tərəfindən imzalanmış əmrə əsasən Gəncə Dövlət Universiteti növbəti üç il müddətinə İnstitusional akkreditasiyadan keçmiş hesab olunmuş və tipi ali təhsil müəssisəsi, növü isə universitet kimi müəyyənləşdirilmişdir. Rektor onu da bildirib ki, müvafiq əmrdə eyni zamanda Akkreditasiya Komissiyasının Yekun Hesabatında göstərilən tövsiyə və göstərişlərin icrası ilə bağlı növbəti akkreditasiya qiymətləndirilməsinədək hər tədris ili ərzində görüləcək işlərə dair fəaliyyət planlarının hazırlanması, TKTA ilə razılaşdırıldıqla universitetin Elmi Şurasında təsdiq edilməsi və hər tədris ilinin sonunda təsdiq edilmiş fəaliyyət planlarının icrasına dair illik hesabatların Agentliyə təqdim olunması nəzərdə tutulub. Rektor Yusif Yusibov diqqətə çatdırıb ki, qeyd olunan tələblərin icrasını təmin etmək məqsədilə universitet üzrə yaradılmış İşçi qrupu tərəfindən Fəaliyyət Planının sənəd layihəsi artıq hazırlanaraq yekunlaşdırılıb.

Daha sonra İnnovasiyalar Departamentinin direktoru, İşçi qrupunun rəhbəri Vasif Həsənov çıxış edərək rektorluğun müvafiq əmri ilə yaradılmış İşçi qrupu tərəfindən hazırlanmış 2026/2027–2028/2029-cu tədris illərini əhatə edən Fəaliyyət Planında nəzərdə tutulan bütün vacib məqamları ətraflı şəkildə diqqətə çatdırdı.

İclasda Fəaliyyət Planının layihəsində nəzərdə tutulan istiqamətlər üzrə komissiya üzvlərinin rəy və təklifləri dinlənilib, sənəd ətraflı müzakirə edilib.

Sonda Fəaliyyət Planınında irəli sürülən təkliflərin müzakirəsi və sənədin təsdiqə hazırlanması məqsədilə növbəti iclasın keçirilməsi qərara alınıb.