Gəncə Dövlət Universiteti ilə Özbəkistan Milli Universiteti arasında elmi əməkdaşlıq genişlənir

21-23 oktyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova Özbəkistan Respublikasının Daşkənd şəhərində elmi fəaliyyətini uğurla davam etdirərək beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində professor Sevda Əhmədova Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasında bakalavriat səviyyəsinin III kurs tələbələrinə “Ekologiyanın müasir problemləri” fənni üzrə mühazirə dərsi keçib. Mühazirələr tələbələrin ekologiya sahəsində biliklərinin genişləndirilməsi, müasir ekoloji problemlər barədə elmi təsəvvürlərinin dərinləşdirilməsi və beynəlxalq akademik təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyət kəsb edib.

Oktyabrın 22–23-də Özbəkistan Respublikasının Elm və Ali Təhsil Nazirliyi, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Termiz Dövlət Universiteti, Özbəkistan Elmlər Akademiyasının Ümumi və Qeyri-üzvi Kimya İnstitutu, Bakı Dövlət Universiteti və Türkiyənin Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə “Chemistry of Complex Compounds, Chemistry, Analytics and Technologies of Noble and Rare Metals: Current Problems and Prospects” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib.

Elmi konfransda iştirak edən Sevda Əhmədova əsas plenar məruzəçi qismində çıxış edib. Əməkdaşımızın beynəlxalq elmi platformada təqdim etdiyi məruzə elmi fikir və təcrübə mübadiləsinin bir hissəsi olub. Professor konfransdakı çıxışına görə Sertifikatla təltif edilib.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti ilə Özbəkistan Milli Universiteti arasında elmi əməkdaşlığın inkişafına dair bir müddət öncə rektorlar arasında razılıq əldə olunub və əməkdaşlıq memorandumunun imzalanmasına qərar verilib. Bu sənəd iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, elmi-pedaqoji təcrübə mübadiləsinin təşviqi və gələcək birgə təşəbbüslər üçün əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli hesab olunur.