GDU-da “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya və Xarici dillər fakültəsində tələbələrin narkomaniyanın fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin təbliği və gənclər arasında narkomaniyaya qarşı mübarizə ruhunun gücləndirilməsi məqsədilə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə, ailə münasibətlərinə və cəmiyyətin sosial rifahına vurduğu zərərdən bəhs edərək bu təhlükəli vərdişə qarşı mübarizədə maarifləndirmə işinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Onu da qeyd edib ki, gənclərin zərərli vərdişlərdən uzaq olması, sağlam həyat tərzini seçməsi, asudə vaxtlarını səmərəli təşkil etməsi və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsi sağlam cəmiyyətin formalaşmasının əsas şərtlərindəndir.

Tədbirdə narkomaniyanın insan sağlamlığı və həyat keyfiyyəti üçün yaratdığı təhlükələr, onun fiziki və psixoloji sağlamlığa mənfi təsirləri, eləcə də bu problemin ailə və cəmiyyət üçün doğurduğu fəsadlar ətrafında geniş müzakirələr aparılıb. Qeyd olunub ki, narkomaniya yalnız ayrı-ayrı insanların həyatına təsir göstərən problem deyil, eyni zamanda cəmiyyətin sosial inkişafına, gənc nəslin gələcəyinə və ictimai rifaha ciddi təhlükə yaradan amillərdəndir. Bu baxımdan, narkomaniyaya qarşı mübarizədə təhsil müəssisələrinin, ailələrin və bütövlükdə cəmiyyətin birgə fəaliyyət göstərməsi vacibdir.

Çıxışlarda gənclərin zərərli vərdişlərdən qorunmasında ailə tərbiyəsinin, düzgün həyat seçimlərinin, mənəvi dəyərlərin və maarifləndirici təşəbbüslərin roluna diqqət çəkilib. Bildirilib ki, sağlam həyat tərzinin təşviqi, idmana və digər faydalı fəaliyyətlərə marağın artırılması, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili narkomaniyanın qarşısının alınmasına xidmət edən mühüm istiqamətlərdəndir.

Tədbir çərçivəsində narkomaniyanın fəsadlarını və sağlam həyat tərzinin üstünlüklərini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev “Ağ ölümə qarşı mübarizə sağlam həyatın təminatıdır”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Ağ ölümə qarşı birgə mübarizə və ictimai həmrəylik”, Filologiya və xarici dillər fakültəsinin elmi məsələlər üzrə dekan müavini Mehriban Məmmədova “Sözün və şüurun gücü: Gələcəyimizi qoruyaq”, Filologiya ixtisasının IV kurs tələbəsi Çinarə İbrahimova isə “Narkotik vasitələrin tarixi” mövzularında məruzələrlə çıxış ediblər.