Akkreditasiya Komissiyasının Yekun Hesabatında göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə GDU-da növbəti iclas keçirilib

Akkreditasiya Komissiyasının Yekun Hesabatında əksini tapan tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 26 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetində (GDU) növbəti iclas keçirilib.

Universitetin rektoru Yusif Yusibov iclasın gündəliyində duran məsələ barədə məlumat verərək bildirib ki, akkreditasiya qiymətləndirilməsinin nəticələri üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrasının təmin olunması universitet qarşısında duran əsas vəzifələrdəndir.

İnnovasiyalar Departamentinin direktoru, İşçi qrupunun rəhbəri Vasif Həsənov çıxış edərək bildirib ki, Akkreditasiya Komissiyasının Yekun Hesabatında göstərilən tövsiyə və göstərişlərin icrası ilə bağlı növbəti akkreditasiya qiymətləndirilməsinədək hər tədris ili üzrə həyata keçiriləcək tədbirləri əhatə edən fəaliyyət planlarının hazırlanması, TKTA ilə razılaşdırıldıqdan sonra universitetin Elmi Şurasında təsdiq edilməsi nəzərdə tutulur. Eyni zamanda, hər tədris ilinin sonunda təsdiq edilmiş fəaliyyət planlarının icra vəziyyətinə dair illik hesabatların Agentliyə təqdim olunması vacib məsələlərdəndir.

Daha sonra rektorluğun müvafiq əmri ilə yaradılmış İşçi qrupu tərəfindən hazırlanmış Gəncə Dövlət Universitetində 2026/2027–2028/2029-cu tədris illəri ərzində icra ediləcək tədbirlərə dair Fəaliyyət Planı yenidən müzakirə olunub. İrəli sürülən təkliflər dinlənildikdən sonra səsverməyə çıxarılıb və yekdilliklə qəbul edilib.

İclasın sonunda Fəaliyyət Planının Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilməsi üçün universitetin Elmi Şurasının müzakirəsinə təqdim olunması məqsədəuyğun hesab edilib.