Zəfər Günü münasibətilə qazi və veteranlarla görüş keçirilib
4 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin (GDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə universitetdə çalışan qazi və veteranlarla görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, qəhrəman əsgər və zabitlərimizin döyüş meydanında göstərdikləri şücaətdən danışıb. Komitə sədri qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. 44 gün ərzində Azərbaycan Ordusunun nümayiş etdirdiyi rəşadət nəticəsində şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz və strateji yüksəkliklərimiz işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq və igidlikdən bəhs edib. Bildirib ki, Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrilib. Bu möhtəşəm Zəfər ölkəmizin hərbi və iqtisadi qüdrətini bütün dünyaya nümayiş etdirib. Xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində əldə olunan bu Qələbə heç vaxt unudulmayacaq.
Rektorun baş müşaviri Asif Cavadov çıxışında İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin ağır sınaqlarla üzləşdiyini xatırladıb. O bildirib ki, şəhər mülki əhali arasında itkilər versə də, sakinlər ruhdan düşməyərək həmrəylik və birlik nümayiş etdirib, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.
Universitetin Baş Hüquqşünası Günay Şirinova 8 Noyabrın xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış şanlı gün olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 illik işğala 44 gün ərzində son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
Tədbirdə Mülki Müdafiə kafedrasının baş müəllimləri Mahnur Məmmədova və Fikrət Hüseynov da çıxış edərək İkinci Qarabağ müharibəsi dövründə xalqımızın birlik və həmrəylik nümayiş etdirməsindən, “Dəmir yumruq” ətrafında birləşərək milli iradəsini və gücünü ortaya qoymasından danışıblar.
Sonda Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Zəfər Günü münasibətilə universitetdə çalışan qazi və veteranlara birdəfəlik maddi yardım göstərilib.
Görüşdə iştirak edən əməkdaşlar onlara göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibova və Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovaya minnətdarlıqlarını bildiriblər.













