“AÇIQ QAPI” GÜNÜ KEÇİRİLDİ

Gəncə Dövlət Universitetində 2015/2016-cı tədris ilinin yay imtahan sessiyası bir qədər fərqli şəkildə aparılır. Tələbələr öz biliklərini kompüterdə test üsulu ilə nümayiş etdirirlər. Bu da onların istəklərinə tam uyğundur.

Universitetin rəhbərliyi övladlarının imtahanlarını izləmək üçün valideynləri də unutmur, müntəzəm “Açıq qapı” günü keçirilməsinə imkan yaradır. 10 iyun 2016-cı il tarixdə Xarici dillər, həmçinin Riyaziyyat və informatika fakültəsində təhsil alan tələbələrin valideynləri “Açıq qapı” günündə iştirak etmişlər.        Valideynləri, ictimaiyyətin və KİV-i nümayəndələrini  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov, humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, rektorun Baş müşaviri dosent Asif Cavadov, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Riyaziyyat və İnformatika fakültəsinin dekanı Oruc Hüseynov qarşılamışlar.

Prorektor Fəxrəddin Məmmədov onları salamlayıb yay imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin təmin olunması ilə bağlı fikirlərini diqqətə çatdırıb.

“Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları  quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, eyni zamanda  hər auditoriyada koordinatorların nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının vaxtında, operativ şəkildə alınması üçün lazımı tədbirlərin görülməsini, appelyasia komissiyasının və “Qaynar xətt”in yaradılmasını  müşahidə edib məmnun qalmışlar.

Övladlarının imtahanında iştirak etmiş valideynlərdən Nazim Qarayev, Cəfər Hacıyev, Həmayə Hacıyeva, Elmira Əliyeva, Nailə Novruzova, Səriyyə Mirzəliyeva, İmam Cəmilli   imtahan prosesinin təşkilindən və keçirilməsindən razı qaldıqlarını bildirmiş, həmçinin tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraiti, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.