ADNSU-GDU: ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANMIŞDIR

21 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında Universitetin prorektorları, dekanları, kafedra müdirləri, şöbə müdirləri və bir qrup professor-müəllim heyəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru  texnika elmləri doktoru, professor Mustafa Babanlının görüşü keçirilmişdir. Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov hörmətli qonağı salamlayaraq Universitetin qısa şəkildə keçdiyi tarixi yola nəzər saldı və   rəhbərlik etdiyi son iki ildə görülən işlər haqqında məlumat verdi. Qeyd etdi ki, hal-hazırda Universitetdə 9 fakültə,13 şöbə fəaliyyət göstərir. Qərb bölgəsində yerləşən təhsil müəssisələrində çalışan  pedaqoji kadrların yenidən hazırlanması məqsədilə “Əlavə təhsil” fakültəsi yaradılmışdır. 2015-ci tədris ilində bakalavriat səviyyəsində əyani şöbədə 40 ixtisasda 5146, qiyabi şöbədə 10 ixtisas üzrə 540, magistratura səviyyəsində isə əyani şöbədə 307,  qiyabi şöbədə  82 nəfər olmaqla cəmi 6075 tələbə təhsil almışdır.Tələbələrə müasir standartlara cavab verən 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi xidmət göstərir. Son ildə əsas tədris binasında 2 ədəd kimya laboratoriyası, 2 ədəd botanika laboratoriyası,1 ədəd zoologiya laboratoriyası yenidən qurulmuş  lazımi inventar və avadanlıqlarla təhciz edilmişdir.

Tədris prosesində yeni informasiya texnologiyalarından  geniş istifadə məqsədilə yeni informasiya texnologiyalarına diqqət yetirilmiş, bütün tədris binaları arasında fiberoptik kabellərlə  ”Gigabit ethernet”texnologiyası vasitəsilə lokal şəbəkə yenilənmiş, yüksəksürətli (100 meqabit) internetə çıxış təmin edilmişdir.

Ulu  öndərimiz Heydər Əliyevin xatirəsini  əbədiləşdirmək  üçün  əsas tədris binasının ikinci mərtəbəsində Heydər Əliyev muzeyi yaradılmış, üçüncü mərtəbədə isə ulu  öndərimizin Büstü qoyulmuşdur.”

2-ci və 3-cü tədris binalarında cari təmir işləri aparılmış, az vaxtda 4-cü tədris binası əsaslı təmir edilib tələbə və müəllimlərin istifadəsinə verilmişdir. 4 mərtəbəli 5-ci tədris korpusunun əsaslı təmirində isə tamamlama işləri görülür. Müasir tələblərə cavab verəcək bu bina Gəncə şəhərində ən gözəl bina olacaqdır.

Tələbələrin sağlamlığını qorumaq, idman məşğələlərini və dərslərini yksək səviyyədə keçmək üçün son ildə  2-ci tədris binasının həyətində yerləşən mini  futbol  meydançası əsaslı təmir olunmuş,  980 m2 ən keyfiyyətli yaşıl  örtük salınmış,150 m uzunluğunda qaçış zolağı yaradılmışdır. Artıq futbol, voleybol, basketbol meydançası tam hazır vəziyyətdədir. Bodminton meydançasında da yaxın günlərdə işlər başlanacaqdır. Həmin tədris binasının birinci mərtəbəsində xüsusi otaqda sağlamlıq üçün lazımi avadanlıqlar quraşdırılmışdır. Burada əməkdaşlar və idmançı tələbələr öz sağlamlıqları ilə məşğul olacaqlar.

 

 

Gəncə Dövlət Universiteti beynəlxalq əlaqələr sahəsinə önəmi daha da artırmışdır. Universitetimiz Avropa İttifaqının təklif etdiyi “Erasmus+” və “Horizon-2020” proqramlarına aktiv şəkildə qoşulmuşdur. Artıq universitet “ERASMUS+” proqramının rəsmi serverindən qeydiyyatdan keçərək PİC (unikod) əldə etmişdir. Gəncə Dövlət Universiteti ölkəmizdə fəaliyyət göstərən müxtəlif səfirliklər,  QHT-lərlə, Yuxarı Elzas Universiteti (Fransa Respublikası),  Varşava Universiteti (Polşa Respublikası), Tətbiqi Elmlər üzrə Kauno Kolegiya Universiteti (Litva Respublikası), Dunaujvaros Universiteti (Macarıstan Respublikası), Vitrina Universiteti (Albaniya Respublikası), Vitebsk Dövlət Universiteti (Belorusiya Respublikası), Poltava Dövlət Ticarət və İqtisadiyyat Universiteti (Ukrayna Respublikası), İvan Franka adına Droqobıç Dövlət Pedaqoji Universiteti (Ukrayna Respublikası), Tbilisi Dövlət Universiteti (Gürcüsan Respublikası), Akaki Tseretli adına Dövlət Universiteti (Gürcüsan Respublikası) ilə əməkdaşlığı səmərəli şəkildə davam etdirir, “Mövlanə”mübadilə layihəsində, həmçinin, Avropa İttifaqının təşkil etdiyi bir çox layihələrdə tərəfdaş qismində iştirak edir. Türkiyə Cümhuriyyətinin 20-dən çox ali məktəbləri ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Biz bu uğurlarımızı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə də davam etdirmək məqsədindəyik.

Professor Mustafa Babanlı öz növbəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tarixi, inkişaf mərhələləri və bu gün görülən işlərdən bəhs etdi. Bildirdi ki, şanlı bir tarixə malik olan Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılmışdır.

Hal-hazırda Strateji əhəmiyyətli sahə olan yanacaq-enerji və kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təhsili ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən çox elmlər namizədi, dosent məşğul olur. Bunların sırasında Respublika Elmlər Akademiyası və beynəlxalq akademiyaların bir çox həqiqi və müxbir üzvləri vardır. Elm və texnika sahəsi üçün mütəxəssis hazırlığında akademiyada 63 kafedra fəaliyyət göstərir.

Professor Mustafa Babanlı Fransa və Azərbaycan Respublikasının Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş UFAZ layihəsi əsasında ADNSU-nun nəzdində 4 ixtisas üzrə-Kimya mühəndisliyi, Kompüter elmləri, Geofizika mühəndisliyi, Neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisaslarına qəbul prosesinin uğurla keçdiyini bildirdi. Universitetlərin ixitsaslaşdığı sahələrə müvafiq olaraq ilk üç ixtisasın proqramı üzrə Strasburq Universiteti ilə, son ixtisas üzrə isə Ren 1 Universiteti ilə əməkdaşlıq qurulmuşdur. Tədris tamamilə qeyd olunan universitetlərin proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq ikili diplomlarla təmin olunacaqlar.

Universitetdə 15 sentyabr tarixindən Elektron Təhsil sisteminə də start verilmişdir.

ADNSU keçmiş İttifaqda xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssis kadrları hazırlayan əsas mərkəzlərdən birinə çevrilmişdir. Dünyanın 70-ə yaxın ölkəsi üçün 3000-dən çox bakalavr, mühəndis, magistr dərəcəli texniki kadrlar, 300-ə qədər elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. 1970-ci illərdən başlayaraq ADNSU-nun professor müəllim heyəti Əlcəzair, Əfqanıstan, Liviya, Qvineya-Bisau, Kamerun və digər ölkələrdə ali təhsil sisteminin təşkili və inkişafında fəal iştirak etmişdir.

Qafqaz Universitetlər Birliyinin üzvü olan ADNSU  xarici ölkələr üçün mütəxəssis və elmi kadrların hazırlanması, professor-müəllim heyətinin xarici elm və tədris ocaqlarında fəaliyyəti, tələbə, magistrant və aspirantların təhsil alması,  beynəlxalq təhsil proqramlarında iştirak, xarici ölkələrin ali təhsil ocaqları, xarici ölkələrin Bakıdakı nümayəndəlikləri, beynəlxalq şirkətlərlə və universitetlərin Beynəlxalq Assosiasiyaları ilə əməkdaşlıq kimi istiqamətlərdə beynəlxalq əlaqələrini inkişaf etdirir.

1999-cu ildən etibarən ADNSU-da “TASİS-TEMPUS” proqramı çərçivəsində SR 20029-98 saylı Avropa kompakt layihəsinə uyğun “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə magistr hazırlığına başlanmışdır. Bu layihə çərçivəsində ADNSU Fransanın Nitsa Universiteti, Parisin Neft və Mühərriklər İnstitutu, İtaliyanın Genuya Universiteti ilə birgə əməkdaşlıq edir.Hal-hazırda Corciya Dövlət Universiteti (ABŞ), Zigen Universiteti (Almaniya), Vilhemfagen Xüsusi Ali Məktəbi (Almaniya), Tronheym şəhər Elm və texnologiya Universiteti (Norveç krallığı), Ployeştin Neft və Qaz Universiteti (Rumıniya),  İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti (Rusiya Federasiyası),

Neft və Kömür Universiteti (Əlcəzair), Təbriz Universiteti (İran), Karaçi Universiteti (Pakistan), Orta Doğu və Xocayənə Universitetləri (Türkiyə), Paris Neft və mühərriklər İnstitutu (Fransa), Nitsa Sofiya Antipolis Universiteti (Fransa),

Genuya Universiteti (İtaliya), həmçinin Respublikamızdakı Türkiyə, ABŞ, İran, İsrail, Almaniya, Fransa, Rumıniya, Norveç, Liviya və digər ölkələrin səfirlikləri ilə əməkdaşlığın  daha da inkişaf etdirilməsinə ciddi diqqət yetirir. Bu beynəlxalq əlaqələr “Əsrin kontraktı” adlanan  neft kontraktları bağlandıqdan sonra daha da geniş inkişaf ermişdir. EKSON, MOBİL, ŞLÜMBERjE, ŞEVRON,Bİ-Pİ-AMOKA, Türk Petrolları və başqa şirkətlərlə elmi və maddi-texniki bazanın inkişaf etdirilməsinə, məzunların işlə təmin edilməsinə xidmət göstərən səmərəli əlaqələr qurmuş, “Şlümberje” şirkətinin köməyi ilə müasir hesablama texnikası və təşkilatı texnika ilə təchiz olunaraq ixtisaslaşdırılmış mərkəz yaradılmışdır.

Professor Mustafa Babanlı ADNSU-a rəhbərlik eidiyi qısa vaxtda görülən işlərdən, tələbə və magistrlərə yaradılan şəraitdən, tədrislə bağli edilən yeniliklərdən, müəllim və tələbələr qaşısına qoyulan daha məqsədyönlü tələblərdən və onların icra mexanizmindən də bəhs etdi. Universitetdə həyata keçirilən “eazii START” Startap layihəsinin uğurla keçirildiyini və  növbəti tədris ilində bu işin daha da təkmilləşəcəyini nəzərə çatdırdı. Onu da qeyd etdi ki, Gəncə Dövlət Universiteti Qərb regionunda aparıcı, özünəməxsus nüfuzu olan təhsil ocağıdır. Son illər universitetdə aparılan işlər qaneedicidir, Biz belə bir ali məktəb müəssisəsi ilə hər sahədə əməkdaşlıq etməyi, inkişaf məqsədilə lazımi yardımlar da göstərməyi məqsədəuyğun bilmişik.

Professor Mustafa Babanlı iştirakçıları maraqlandıran suallara ətraflı cavab verdikdən sonra  iki universitet arasında təhsil və elmin bütün sahələrini əhatə edən, müəllim və tələbə mübadiləsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq müqaviləsi imzalandı.

Gəncə Dövlət Universsitetinin rektoru professor Yusif Yusibov alqışlar altında kollektiv adından Mustafa müəllimə hədiyyələr təqdin etdi.