Alt qrup tələbələri üçün yaz semestri imtahanlarında əsaslı güzəştlər tətbiq ediləcək

Akademik borcu qaldığına, bərpa olunduğuna və ya köçürülmə yolu ilə universitetə gəldiyinə görə fənn fərqi yaranan və buna görə də alt qruplarda oturan tələbələr üçün 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarında biliyin qiymətləndirilməsində tətbiq edilməsi mümkün olan əsaslı güzəştlər tətbiq ediləcək.

Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov mayın 14-də ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələri ilə görüşdə məlumat verib.

Bildirilib ki, əvvəllər alt qruplar üçün imtahanlar mərkəzləşdirilmiş qaydada, kompüterdə test üsulu ilə keçirilib. 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarında isə biliyin qiymətləndirilməsi müvafiq fakültələrdə yazılı formada təşkil olunacaqdır. Həmçinin 2018/2019-cu tədris ilinin yaz semestrində universitetə köçürülən 112 nəfər tələbəyə və akademik borcu yaranmış 400 nəfərdən artıq tələbəyə əsaslı güzəştlər tətbiq ediləcəkdir.