Azərbaycan dili xalqımızın milli sərvətidir
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində 21 Fevral – “Beynəlxalq Ana Dili Günü”nə həsr edilən tədbir keçirilib. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək respublikamızda ana dilinə göstərilən diqqət və qayğıdan eləcədə bu sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrdən danışıb. Prorektor qeyd edib ki, doğma ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
Tədbirdə Azərbaycan dili kafedrasının müdiri, professor Telman Quliyev, Azərbaycan dili kafedrasının dosenti Yadigar Əliyev, eləcə də Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova ana dilimiz haqqında məruzələrlə çıxış etdilər.
Tələbələrin ana dilimiz haqqında söylədikləri şeirlər, eləcə də nitq normalarının pozulmasına aid nümayiş etdirdikləri kompozisiya böyük maraqla qarşılandı.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti