Azərbaycan və Konqo çoxtərəfli əməkdaşlığa start verir

    Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfəri ölkəmizin Afrika qitəsi ilə əməkdaşlığında yeni səhifə açdı. İki ölkə arasında əməkdaşlığa dair Bəyannamənin sonra mətbuata açıqlamasında bu səfərin tarixi önəminə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əli­yev bir məqamı xüsusi vurğuladı. Dövlətimizin başçısı qeyd edib ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında münasibətlərin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf edəcək. Hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Ölkəmizin təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermişdir.

Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti