Aqrar sektorun inkişafında yeni mərhələ
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, aqrar sektor Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Son illərdə həyata keçirilən layihələr və qəbul olunan proqramlar kənd təsərrüfatının inkişafına ciddi təkan versə də, qarşıda duran yeni çağırışlar bu sahədə daha çevik və məqsədyönlü addımların atılmasını zəruri edir.
Müşavirədə vurğulanıb ki, 2004-cü ildən başlayaraq icra olunan regional inkişaf proqramları bölgələrin simasını tamamilə dəyişib. Vaxtilə qaz, su, elektrik və yol problemləri ilə üzləşən rayonlarda bu gün müasir infrastruktur formalaşıb. Bu dəyişikliklər kənd təsərrüfatının inkişafı üçün də mühüm baza yaradıb. Regionlarda məşğulluğun artması, kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşması və yeni təsərrüfatların yaranması məhz həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Subsidiyalar, güzəştli kreditlər, texnika təminatı, yanacaq və gübrə güzəştləri fermerlərin fəaliyyətini stimullaşdıran əsas amillərdir. Xüsusilə pambıqçılıq, baramaçılıq, fındıqçılıq və üzümçülük kimi ənənəvi sahələrin yenidən dirçəldilməsi aqrar sahədə aparılan islahatların uğurlu nəticələrindən hesab olunur. Pambıq istehsalının bir vaxtlar 20 min tona qədər enməsinə baxmayaraq, son illərdə bu göstəricinin 360 min tondan çox olması həyata keçirilən tədbirlərin effektivliyini göstərir.
Bununla yanaşı, müşavirədə kənd təsərrüfatı istehsalında son dövrlər müşahidə olunan dinamikanın narahatlıq doğurduğu da açıq şəkildə ifadə olunub. Bu səbəbdən yeni Dövlət Proqramının hazırlanmasının vacibliyi diqqətə çatdırılıb. 2026–2030-cu illəri əhatə edəcək proqramın əsas məqsədi aqrar sahədə məhsuldarlığın artırılması, daxili istehsalın genişləndirilməsi və özəl investisiyaların cəlb olunmasıdır. Qeyd olunub ki, proqram çərçivəsində dövlət və özəl sektor tərəfindən milyardlarla manat həcmində investisiyanın yatırılması nəzərdə tutulur.
Cənab Prezidentin çıxışında ərzaq təhlükəsizliyi məsələsi xüsusi ön plana çəkilib. Dünyada baş verən müharibələr, enerji böhranı, nəqliyyat marşrutlarında yaranan problemlər və iqlim dəyişiklikləri fonunda hər bir ölkənin daxili istehsal imkanlarını artırmasının vacibliyi vurğulanıb. Bu baxımdan xüsusilə buğda istehsalı ilə bağlı mövcud vəziyyət diqqət mərkəzində olub. Hazırda ölkənin özünü buğda ilə təminetmə səviyyəsinin təxminən 55 faiz olması yetərli hesab edilməyib və idxaldan asılılığın azaldılması əsas hədəflərdən biri kimi göstərilib. Müşavirədə kəndlərdən şəhərlərə miqrasiyanın qarşısının alınması məsələsinə də toxunulub. Bildirilib ki, məqsəd yalnız kəndlərin saxlanılması deyil, həm də kənd həyatının daha cəlbedici hala gətirilməsidir. Bunun üçün bölgələrdə sosial infrastrukturun gücləndirilməsi, məktəb və xəstəxanaların tikilməsi, xidmət sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır.
Aqrar sahədə müasir texnologiyaların tətbiqi də vacib istiqamətlərdən biri kimi qeyd olunub. Torpaq sahələrinin elektron xəritələrinin hazırlanması, süni intellekt və peyk texnologiyalarından istifadə etməklə məhsuldarlığın artırılması və torpaqlardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsi planlaşdırılır. Hər bir torpaq sahəsinin xüsusiyyətlərinə uyğun məhsul seçiminin aparılması gələcək strategiyanın əsas elementlərindən biri hesab olunur. Su təminatı və müasir suvarma sistemlərinin qurulması məsələləri də müşavirədə geniş müzakirə olunub. Taxtakörpü, Şəmkirçay, Suqovuşan və digər su anbarlarının əhəmiyyəti vurğulanıb, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni layihələrin kənd təsərrüfatının inkişafına böyük töhfə verəcəyi bildirilib. Müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin genişləndirilməsi məhsuldarlığın artırılması baxımından əsas prioritetlərdən biri kimi göstərilib. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı və ixrac potensialının artırılması məsələlərinə də diqqət yetirilib. Məqsəd yalnız xammal istehsal etmək deyil, daha çox hazır məhsul istehsal edib ixrac imkanlarını genişləndirməkdir. Bu baxımdan yeni emal müəssisələrinin yaradılması və investorların aqrar sahəyə marağının artırılması vacib hesab olunur.
Ümumilikdə müşavirədə səsləndirilən fikirlər onu göstərir ki, qarşıdakı illərdə kənd təsərrüfatının inkişafı dövlət siyasətində əsas prioritetlərdən biri olaraq qalacaq. Aqrar sektorun modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların davamlı inkişafının təmin edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


