Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir

          Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.

      Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil.

     Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb.

      Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi.

          Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

     Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.

      İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.

      Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır.

      Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Komissiyanın indiyədək 20 iclası keçirilib. Sonuncu iclas isə bu ay Astanada baş tutub.

       Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.

     Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.

      Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti