Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafı hər iki xalqın maraqlarına xidmət edir
Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Serbiya Respublikasına reallaşan səfəri yalnız iki ölkə arasında diplomatik əlaqələrin növbəti mərhələsi deyil, eyni zamanda, iki ölkə arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın təsdiqidir. Səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında gələcəyə istiqamətlənmiş strateji iqtisadi əlaqələrin möhkəm təməl üzərində qurulmasının təzahürüdür. Bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, və dostluq münasibətlərimiz var.
Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin mətbuata birgə bəyanatlarında səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini aydın şəkildə nümayiş etdirir. Rəsmi Bakı və Belqrad artıq münasibətləri yalnız ənənəvi ticarət və diplomatik əlaqələr çərçivəsində deyil, daha geniş, strateji və uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətindədir. Bu modelin iqtisadiyyat, enerji və texnologiya kimi əsas istiqamətləri əhatə etməsi tərəflərin gələcəyə hesablanmış yanaşmasından xəbər verir.
Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin mətbuata bəyanatlarında birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə də toxunulub. Qeyd olunub ki, bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya – sərmayə imkanlarına söykənir. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.
Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm gələcəkdə daha da artacaq. Ölkəmiz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə etməyi planlaşdırır. Azərbaycan indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuldur və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırdır,əsas ixrac istiqaməti isə Avropa məkanıdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


