AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI ELMİ-PRAKTİK KONFRANS


30 mart 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında  Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “31 mart soyqrımı” adlı elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov açaraq konfrans iştirakçılarına  bu soyqırım haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların soy qırımı günü elan edilmişdir. Ümumiyyətlə erməni şovinistləri azərbaycanlılara qarşı dəfələrlə soyqrımı etmiş, 1905-1907-ci il,1918-1920-ci il, 1948-1953-cü il və 1988-1992-ci illərdə görünməmiş  vəhşiliklər törətmişlər. Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə  erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Az bir müddətdə  12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Konfransda Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov “31 mart soyqırımı XX əsrin əvvəllərində Azərbaycanın milli mübarizə səhifəsidir”, Ümumi tarix kafedrasının baş müəllimi Sevda Məmmədova “1918-ci il 31 mart soyqırımı azərbaycanlılara qarşı törədilən milli qırğındır”, Xarici dillər fakültəsinin IV kurs tələbəsi Ramidə Məmmədova “1918-ci il 31 mart soyqırımı gənclərin gözü ilə” adlı məruzələrlə çıxış etmişlər.
Konfransın  sonunda tarixi faktlara əsaslanan və erməni vəhşiliklərinə həsr edilmiş  videoçarx göstərilmişdir.