BEYNƏLXALQ GÜLÜŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ


1 aprel 2015-ci il tarixdə Beynəlxalq gülüş günü ilə əlaqədar Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “1 aprel Beynəlxalq gülüş günü” adlı tədbir keçirilmişdir.Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov, müəllim və tələbə heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə prorektor Asif Cavadov açaraq qeyd etmişdir ki, hazırda dünyanın 70 faiz əhalisi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Qəbul olunmuş qeyri-rəsmi qaydalara görə, bu gündə olunan zarafatlar və aldatmalardan heç kəs inciməməlidir. Həm də gərək elə zarafatlar edəsən ki, sonradan bu, mənfi sonluqla, arzuolunmaz hallarla nəticələnməsin. Asif Cavadov tədbirdə iştirak edən bütün qonaqları, müəllim və tələbə heyətini “1 aprel Beynəlxalq gülüş günü” münasibəti ilə təbrik etmiş və onlara həmişə üzlərində daima gülüş olmasını arzulamışdır.
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov öz çıxışında “1 aprel Beynəlxalq gülüş günü”nün geniş səviyyədə yayılmasının  XVIII əsrdə baş verdiyini vurğulamış və əsrlər keçəndən sonra dünyanın bütün ölkələrində qeyd olunduğu kimi Azərbaycanda da sevimli bir günə çevrildiyini nəzərə çatdırmışdı.  Kənan Məmmədov eyni zamanda, Gəncə Dövlət Universitetində son zamanlar silsilə tədbirlər keçirildiyini qeyd etmiş və tələbələrin şəhər tədbirlərində də fəal iştiraklarına görə öz müsbət münasibətini bildirərək, bütün tələbələrə uğurlar arzulamışdır.
Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov çıxış edənlərə  minnətdarlığını bildirərək tədbirlə bağlı gördükləri işlər barədə iştirakçılara məlumat vermişdir. Bildirmişdi ki, Universitetdə istedadlı tələbələrimiz çoxdur. Gənclər Təşkilatı bununla bağlı layihə hazırladı. Məqsədimiz istedadlı tələbələrimizi üzə çıxartmaq, kollektivdə tanıtmaq, onların istedadlarından tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrində istifadə etmək idi. Gördüyünüz kimi biz buna nail olduq. Məqsədimizə çatmaq üçün ilk növbədə  tələbələrə böyük diqqət və qayğı göstərən hörmətli rektorumuz professor Yusif Yusibova dərin minnətdarlığımızı bildiririk. Müsabiqə yolu ilə seçilən istedadlı tələbələrimiz gülüş günü münasibətilə konsert proqramı hazırlamışdır. Proqramı sizə təqdim edirik.
Tarix-coğrafiya fakültəsinin I kurs tələbələri Tərgül Abbasova ilə İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi İsmayıl Rəhimlinin, İqtisadiyyat və idarəetmə fakültəsinin  III kurs tələbələri Nicat Poladov, Elçin Mustafayev, İlkin Məmmədov, Tural Səmədli, Cavid Cavadov və  Pərvin Hüseynovdan ibarət “Biznes Brothers” qrupunun hazırladıqları səhnəciklər və parodiya, Tarix-coğrafiya fakültəsinin I kurs tələbəsi Danulduz Həsənovanın, Filologiya fakültəsinin III kurs tələbəsi Aygün Hüseynovanın, Xarici dillər fakültəsinin tələbəsi Anar Hüseynovun oxuduqları mahnılar, gitarada Biologiya-kimya fakültəsinin II kurs tələbəsi Abdulla Mədinovun və İqtisadiyyat və idarəetmə fakültəsinin  I kurs tələbəsi  Qurban Seyidlinin ifaları, Filologiya fakültəsinin I kurs tələbəsi Rəşad Mirzəzadənin və İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Orxan Nəsibovun saz ifaları, Xarici dillər fakültəsinin I kurs tələbəsi Əminə Bayramovanın  nümayiş etdirdiyi ritm, Riyaziyyat və informatika fakültəsinin III kurs tələbəsi Vüsal Vəliyevin rəqsi  alqışlarla qarşılandı.