Başın sağ olsun, Vətən!
Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri gecə vaxtının və çətin relyefin üstünlüklərindən istifadə edərək Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan ordusunun hərbi bölmələri arasındakı yollara minalar basdırmağa çalışaraq genişmiqyaslı təxribat törətdi. Bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri minaatan və artilleriya da daxil olmaqla müxtəlif silahlardan intensiv atəşə məruz qaldı. Nəticədə həmin gecə Azərbaycan Milli Ordusunun 42 hərbçisi və 8 sərhədçi həlak oldu, hərbi infrastruktura nəzərəçarpan ziyan vuruldu. Azərbaycan özünün suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması, dövlət sərhədinə yaxın ərazidə davam edən yenidənqurmada və bərpa işlərində iştirak edən mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə adekvat tədbir gördü.
Lakin bu təxribatın qarşısı alınarkən yenidən Azərbaycan oğullarının qanı töküldü. Vətənin hər qarış torpağının müdafiəsinə qalxan Azərbaycan əsgərlərinin bəziləri bu yolda şəhidlik zirvəsinə ucaldılar. İndi xalqımız həmin şəhidləri böyük izdihamla dəfn edir, onları boya-başa yetirən valideynlərə isə sağ ol deyirlər.
Başın sağ olsun, Vətən!
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti