Bayram Apoyevin “Şuşanamə” kitabının təqdimatı keçirilmişdir

          Mir Cəlal Paşayevin ev muzeyində Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi”, Prezident təqaüdçüsü, alim-şair, Gəncə Dövlət Universitetinin ümumi pedaqogika kafedrasının dosenti Bayram Ağrıdağın (Apoyev) “Şuşanamə” kitabının təqdimatı keçirilmişdir.

          Tədbirdə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra  Gəncə Şəhər İcra Hakimiyyəinin başçısı Niyazi Bayramov çıxış edərək diqqətə çatdırıb ki, Şuşa fatehləri və Qarabağ şəhidlərinə həsr olunan “Şuşanamə” kitabı şəhidlərimizin və müharibə iştirakçılarının xatirəsinə göstərilən ehtiramın nümunəsidir.İcra başçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Rəşadətli ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsinin 44 günlük Zəfər tariximizin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Şəhər rəhbəri yazıçı Bayram Apoyevi kitab təqdimatı ilə əlaqədar olaraq təbrik edib, ona yaradıcılığında uğurlar arzulayıb.

          Çıxış edən qonaqlar yazıçının həyat və yaradıcılığına nəzər salıblar. Bildirilib ki, Bayram Apoyev 100-dən çox elmi-metodik əsərin, 3 monoqrafiyanın, 3 dərsliyin, 4 dərs və tədris vəsaitinin, 12 metodik vəsaitin müəllifidir. Bayram Apoyevin Nizami Gəncəvinin pedaqoji görüşlərinə həsr olunmuş 5 kitabı işıq üzü görüb. “Şuşanamə” isə müəllifin 6-cı kitabıdır. Kitaba müəllifin 1992-2022-ci illər ərzində Vətən, Qarabağ, ölkəmizin mədəniyyət paytaxtı – Şuşa və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən Azərbaycan əsgərləri haqqında yazdığı şeirləri daxil edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyəsi və dəstəyi ilə hazırlanmış və nəşrə təqdim edilmiş kitab “Şuşa ili”nə və Şuşa fatehlərinə ithaf olunub.

          Tədbirdə həmçinin, 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa olunub.

          Çıxışlardan sonra Niyazi Bayramov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tərəfindən Gəncə şəhərinin ictimai-mədəni həyatında göstərdiyi səmərəli fəaliyyətinə görə Bayram Apoyevə “Təşəkkünamə”lər təqdim edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.