GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “BEYNƏLXALQ SÜLH GÜNÜ”NƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində “21 Sentyabr  –  Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.

          Torpaqlarımızın azad edilməsində Şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru , dosent Gülsüm Fətəliyeva açaraq diqqətə çatdırmışdır ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu söz özü-özlüyündə böyük bir məna kəsb edir. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir.Biz gələcəyimiz olan uşaqların və gənclərin sülh şəraitində yaşamalarını arzu edirik. Lakin çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız insanlar  odsaçan silahların qurbanına çevrilməkdədirlər. Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı, bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə Beynəlxalq Sülh Gününün təsis olunması barədə qərar qəbul etmişdir. 

          2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü – Ümumdünya atəşkəs günü kimi təqdim olunur.2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “sülh zəngi”ni çalaraq, dünyanı  bütün döyüş əməliyyatlarını, ədavəti  24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb.Elə həmin tarixdən də hər il 21 Sentyabrda “Sülh zəngi”nin çalınması ilə Sülh günü başlanır.

          Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub və bu gün də bu davam edir.

          Sonra Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “Sülh -bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun “Nizami Gəncəvi yaradıcılığında sülh mövzusu”, Universitetin “Yüksəliş” qəzetinin muxbiri Firəngiz İsmayılovanın “Azərbaycan gəncliyi və sülh”, filologiya fakultəsinin 3-cü kurs tələbəsi Leyla Camalzadənin “Müharibə faciədir, sülh istəyirik” mövzularında məruzələri dinlənilmişdir.

          Sonra tədbir iştirakçıları birlikdə universitetin qarşısında sülhün rəmzi olan ağ göyərçinləri səmaya uçurtmuşlar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.