BAYRAQ GÜNÜ MÜNASİBƏTİLƏ UNİVERSİTETİN FAKÜLTƏLƏRİNDƏ BAYRAM TƏDBİRLƏRİ DAVAM EDİR

Başımız üzərində dalğalanan üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşı üçün ali dəyər, qürur və mərdlik rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 2009-cu ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi, 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı meydanının açılması bayrağa olan sevgimizin bariz nümunələridir.

Bu fikirlər, Gəncə Dövlət Universitetinin müxtəlif fakültələrində  9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirlərdə səsləndirilib.

Bayram tədbirinin davamı olaraq Riyaziyyat-informatika fakültəsinin professor-müəllim heyəti və tələbələri bu günü böyük coşquyla qeyd ediblər.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, qürurla daşıdığımız üçrəngli bayrağımızın tarixi 1918-ci il noyabrın 9-na təsadüf edir. Düz 101 il öncə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilib. Ancaq təəssüf ki, müstəqilliyimiz kimi, bayrağımızın da cəmi varlığı 2 il davam edib və 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib. Bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında bərpa edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev noyabrın 9-nun hər il Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb.

Tədbir tələbələrin konsert proqramı  ilə yekunlaşıb.