Bu gün laçınlılar Şəhər Gününü doğma evlərində qürur və sevinc hissi ilə bayram edirlər
2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Azərbaycan Ordusu Laçın şəhərini və bir neçə kəndi nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd olunur.
Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi və digər infrastruktur obyektləri talan olunaraq və məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb.
Təcavüzkar Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir və çox təəssüf ki, susqunluqla qarşılanırdı.
44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. 2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri nəzarətə götürüldü. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı.
İşğaldan azad olunmuş digər yurd yerləri kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Ötən müddətdə Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin inşası başa çatdırılıb. Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin tikintisi aparılır.
Prezident İlham Əliyev bu il mayın 27-si, 28-si və 29-u Laçında səfərdə olub. Həmin səfər zamanı “LATIFA” Laçın tikiş fabrikinin, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, rayonun Bəylik kəndinin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyalarının, Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışlarında iştirak edib, Laçın kanat yolunun təməlini qoyub. Bəylik kəndinə köçən sakinlərə evlərin açarları təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.
Həmçinin Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanışlıq olub. Eləcə də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Onlar 28 May – Müstəqillik Gününə həsr olunmuş konsertdə iştirak ediblər. Həmin gün hər üç ölkənin liderləri Laçın şəhərində seyrəngahda olublar.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri onu abad və yaraşıqlı bir diyara çevirib. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından biridir. Artıq Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyev bu il Laçında olarkən deyib: “Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar”.
Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Şəhərdə yaradılan Aqro-Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
2023-cü il mayın 28-dən başlayaraq Laçın sakinləri öz doğma yurdlarına dönməyə başlayıblar. Laçın şəhəri 571 ailəyə qucaq açıb və 2091 laçınlı öz ev-eşiyinə qayıdıb. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Ümumilikdə Laçın rayonunda 936 ailə, 3 min 516 nəfər sakinin daimi məskunlaşması təmin edilib.
Bu gün laçınlılar Şəhər Gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti







