Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində 2026/2027-ci tədris ili üzrə Elmi Şuranın iclası keçirilib.

Universitetin rektoru Yusif Yusibov çıxış edərək Elmi Şuranın tədris ili üzrə ilk iclasın işinə uğurlar arzulayıb, yeni tədris ilinin başlanması münasibətilə qarşıda duran əsas hədəf və prioritet istiqamətlər barədə fikirlərini bölüşüb, yeni tədris ilinin yüksək səviyyədə təşkilinin, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin və universitetin inkişafının davamlı şəkildə təmin olunmasının vacibliyini vurğulayıb.

Rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

İclasın gündəliyində duran məsələ- Gəncə Dövlət Universitetinin 2027/2028-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələri üçün tələbə qəbulu proqnozu layihəsi barədə Tədris Departamentinin direktoru Elturan Yusifovun ətraflı çıxışı dinlənilib.  Diqqətə çatdırılıb ki, müzakirə edilən bu məsələ Gəncə Dövlət Universitetinin strateji inkişafını müəyyən edən mühüm sənədlərdən biridir. 2027/2028-ci tədris ili üzrə tələbə qəbulu proqnozu yalnız kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi deyil, Gəncə Dövlət Universitetinin insan kapitalının inkişafı, regional əmək bazarının kadr tələbatının ödənilməsi, təhsil proqramlarının davamlılığı və akkreditasiya tələblərinin təmin edilməsi ilə əlaqələndirilmiş strateji planlaşdırma vasitəsidir. Daha sonra qəbul planı hazırlanarkən əsas meyarlar diqqətə çatdırılıb.

Gəncə Dövlət Universitetinin 2027/2028-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələri üçün tələbə qəbulu proqnozu layihəsi məsələsi Elmi Şura üzvləri tərəfindən müzakirə olunub və yekdilliklə təsdiq edilib.

Elmi Şuranın iclasında 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun yekunları barədə məlumat verilib. Qəbul nəticələri ilə bağlı məsələlər müzakirə olunub.

Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, dərs bölgüsünə, əmək intizamının möhkəmləndirilməsinə və tələbələrə diqqətin daha da artırılmasına dair vacib olan məsələlərlə bağlı bir sıra tapşırıqlar verib.

İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.